Xocalı soyqırımının qurbanları Parisdə anılıb

Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində baş tutan anım tədbirində çıxış edən səfir Leyla Abdullayeva vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində Azərbaycan ərazi bütövlüyü tam bərpa edilib. Bunun nəticəsidir ki, bu il Xocalı soyqırımı qurbanlarının xatirəsi ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində, xüsusilə də Xocalıda ehtiramla anılıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov çıxışında dövlət başçısının əsir-girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məsələyə daim xüsusi həssaslıqla yanaşdığını bildirib. T.Rəhimov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti haqqında məlumat verib.
Tədbirdə çıxış edən jurnalist Jan-Mişel lö Brən Şuşaya səfəri zamanı işğal dövründə ermənilərin törətdikləri dəhşətli mənzərənin şahidi olmasından, Şuşa haqqında yazılmış, həmmüəllifi olduğu kitabdan söz açıb.
Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilati dəstəyi ilə hazırlanmış, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı birləşmələri tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılmış 3 azərbaycanlı əsirin məruz qaldığı dəhşətli işgəncələrdən bəhs edən “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli film nümayiş olunub. Filmdə Şuşa həbsxanasında ermənilərin işgəncələrindən qurtulmuş şahidlər acı xatirələrini bölüşüb, ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrdən danışıblar.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirində fransız elm xadimləri, jurnalistlər, vəkillər, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info