Laçına ləyaqətli qayıdış və Prezidentin təsirli mesajları…

İkinci Qarabağ savaşından qalib ayrılan Azərbaycan artıq işğal olunmuş ərazilərə tam nəzarəti ələ alır. Üçtərəfli razılaşmaya əsasən, bölgədə qanunsuz məskunlaşmış ermənilər şəhər və kəndlərimizdən çıxarılır. Bu ərazilərin əsl sakinləri isə uzun illərdən sonra doğma el-obalarına qaytarılır. Artıq yerli əhalinin Laçın şəhərinə köçürülməsi reallaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın şəhərinə qayıdışın başlaması ilə bağlı məlumat yayıb. Dövlət Komitəsinin yaydığı məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb. Qeyd olunub ki, birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir

Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

Laçından səslənən tarixi bəyanat İlham Əliyevin Şərqi Zəngəzurdakı siyasi triumfu hesab edilə bilər

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Laçın şəhərinə ilk ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib. Ölkə başçısı çıxışında bildirib ki, ilk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620 fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Yaxın vaxtlarda iş yerlərinin bəzilərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Laçına dönən insanların işlə bağlı hər hansı problemi olmayacaq. Hazırda Laçının hər tərəfində Böyük Qayıdışa hazırlıq gedir. İyun ayından etibarən daha bir qrup Laçın sakini evinə qayıdacaq.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib. Prezident İlham Əliyevin Laçın səfərində ən vacib məqamlardan biri məhz Bakının mövqeyinin bəyan edilməsi oldu: "Sülh müqaviləsi imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq". Əlbəttə, bu, Bakının istər Ermənistan, istərsə də onun havadarları üzərində aşkar mənəvi-psixoloji və hərbi-siyasi üstünlüyünün göstəricisidir. Bu mənada Laçından səslənən tarixi bəyanat İlham Əliyevin Şərqi Zəngəzurdakı siyasi triumfu hesab edilə bilər.

Müstəqillik Gününü laçınlılarla Laçında qeyd edən İlham Əliyevin…

Qısa müddətdə Laçının timsalında Böyük Qayıdışın artıq üçüncü yaşayış məntəqəsini əhatələməsi Prezident İlham Əliyevin vədinə sadiq praqmatik siyasətçi obrazını daha da möhkəmləndirdi. Xüsusən dövlət başçısının 11 il öncə laçınlılara verdiyi və bu gün ləyaqətlə reallaşdırmaqda olduğu vədini xatırlatması bu illər ərzində onun fəaliyyətinin təməlində milli maraqlar və əsl lider kimi xalqın maraqlarının dayandığını nümayiş etdirdi. Müstəqillik Gününü laçınlılarla Laçında qeyd edən İlham Əliyevin eyni zamanda 30 il ərzində onların həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində həyat şəraiti ilə bağlı məqamlara toxunması öz xalqının hər bir problemini dərindən bilən, bölgəyə olduğu qədər, xalqın vəziyyəti ilə bağlı real duruma da hakim olan bir lider olduğunu təsdiqlədi.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info