Avstraliyadakı icmamız Səfirliyimizdə terror aktını törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum Avstraliyada yaşayan Azərbaycan icmasında böyük qəzəb doğurub.

Avstraliya-Azərbaycan Assosiasiyası, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası, Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası, Kvinslend Azərbaycanlıları Cəmiyyəti, Viktoriya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyası və Viktoriya-Azərbaycan “Varlıq” Qrupunun yaydığı bəyanatlarda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı şiddətlə pislənib.

Bəyanatlarda İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmadığı, 40 milyon soydaşımızın hüquqlarının davamlı olaraq pozulduğunu xatırladılıb. Bəyanatda həmçinin İranın Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etdiyi, ölkəmizin sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətdiyi, son vaxtlar 27 İran vətəndaşının Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçılara qoşulduğu nəzərə çatdırılıb.

Soydaşlarımız Avstraliya ictimaiyyətini və beynəlxalq birliyi regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa və təcili tədbirlər görməyə çağırıb.

Bəyanatlar Birləşmiş Millətlər Təşkilatına, Avstraliya İttifaqının Xarici İşlər Nazirliyinə, Avstraliyanın İmiqrasiya, Vətəndaşlıq və Multikulturalizm Nazirliyinə, Avstraliya Parlamentinə, Avstraliya Yəhudi Assosiasiyasına, eləcə də “Sky News”, “ABC News” telekanallarına göndərilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info