ADU TGT tərəfindən keçirilən “Yaşıl dünyamızın kiçik fidanları” layihəsi yekunlaşıb! FOTO

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünyamızın kiçik fidanları” adlı layihə keçirilib. Layihənin rəhbəri universitetin I-ci kurs tələbəsi Sevinc Qasımzadədir.

Layihə çərçivəsində ADU Tələbə Gənclər Təşkilatının bir qrup aktiv tələbəsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Kəmalə Ağazadə adına sığınacaq evini ziyarət edib. Ziyarət zamanı Sevinc Qasımzadə tərəfindən yazılmış , Nərmin Xanbutayeva tərəfindən redaktə edilmiş kitablar və hazırlanmış hədiyyələr uşaqlara təqdim edilib. Kitablarda uşaqları, dünyamızı və gələcəyimizi qorumağa təşviq edəcək hekayələr yer alıb və onların müxtəlif dillərdə oxuyub faydalana bilməsi üçün kitablar üç dildə (Azərbaycan, rus, ingilis) yazılıb. Sığınacaqda yaşayan uşaqların hər birinin bu kitablardan yararlana bilməsi üçün kitablar sığınacaq evinin kitabxanasına bağışlanıb.

Gün boyunca tələbələr və uşaqlar birlikdə müxtəlif əyləncəli fəaliyyətlərdə iştirak edərək rəsm çəkib, mahnı oxuyub və müxtəlif oyunlar oynayıblar. Böyük həvəslə tələbələrlə öz arzularını və xəyallarını bölüşən uşaqlar, hər kəs sanki bir nağıl qəhrəmanı imiş kimi nağıllar aləminə tələbələrlə birgə səyahət ediblər.

ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev layihə barədə bildirib: “Uşaqlar hər birimizin gələcəyidir. Biz gənclər olaraq daha gözəl sabahlar üçün “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında daim çalışırıq, bununla bağlı müxtəlif layihələr həyata keçiririk. Həmçinin, bir gənc olaraq hər birimizin borcu bu düşüncələri “kiçik fidanlara”- uşaqlara təbliğ etməkdir. Tələbələrimiz tərəfindən 3 dildə hazırlanmış müxtəlif hekayələrdən ibarət kitablarda təhsil, ailə dəyərləri və ekoloji mövzulara toxunulmuşdur. Bu gün burada uşaqların gözlərində gördüyümüz sevinc və həvəs bizim üçün çox dəyərlidir.”

Məlumat üçün bildirək ki, ADU TGT “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bugünədək bir çox tədbirlər həyata keçirib.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info