Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində növbəti dəfə, həm də çox böyük üstünlüklə xalqın etimadını qazanan Prezident İlham Əliyevin ilk dövlət səfərini 18 fevral tarixində məhz qardaş ölkəyə etməsi Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrin nə qədər möhkəm olduğunu sübuta yetirir. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır.
Bu səfər həm iqtisadi, həm də siyasi sahələrdə mövcud olan bağların gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün mühüm bir addım oldu.

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, Türkiyənin dünya miqyasında artan nüfuzu və siyasi çəkisi, bölgədə və dünyada sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsi və suverenliyinin bərpası, Türkiyənin siyasi və mənəvi dəstəyi ilə mümkün olmuşdur. Bu, iki ölkə arasında yalnız qardaşlıq əlaqələrinin deyil, həm də strateji müttəfiqliyin gücləndiyini göstərir.
Dövlət başçısı bildirmişdir ki, Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin 7,5 milyard dollara çatması və Azərbaycandan Türkiyəyə təbii qaz ixracının artırılması, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın dərinliyini və genişliyini göstərir. Enerji və nəqliyyat layihələri, iki ölkənin bölgədə və Avrasiyada enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyalarında mühüm rol oynamasını təmin edir.
Hərbi sahədəki işbirliyi və müdafiə sənayesindəki ortaq layihələr, iki ölkənin hərbi və müdafiə imkanlarını artırır. Bu, həm bölgədəki sabitliyə töhfə verir, həm də iki ölkənin müdafiə sənayesində özünü təsdiqləməsini təmin edir.
Daha sonra Prezident İlham Əliyev bəyanatında qeyd etmişdir ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması və təhsil sahəsindəki digər əməkdaşlıqlar, iki ölkə arasında mədəni və təhsili əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Bu təşəbbüslər gələcək nəsillərin qardaşlıq, müttəfiqlik və ortaq dəyərlər əsasında tərbiyə almasını təmin edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatında Azərbaycan ilə bağlı öz əksini tapmış mühüm açıqlamalar verərək “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik” deyə qeyd etmişdir. Daha sonra Dövlət başçısı “Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik” deyə bildirmişdir. “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik” bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük” deyə qeyd etmişdir.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info