"Buraxılış imtahanı vermiş abituriyent niyə əlavə dərsə getsin?"

"Dövlət İmtahan Mərkəzi əvvəlki illərə xas olan rüşvət və korrupsiyadan qurtulmaq üçün yaradılmışdı. Nəzərdə tutulmuşdu ki, 2, 3, 5 ilə bu sistem yenilənsin. Təəssüflər olsun ki, o müddətdən sonra biz 3 nəsil yetişdirmişik, amma hələ Dövlət İmtahan Mərkəzinin bir yenilik gətirdiyini görməmişik. 1992-ci ildə TQDK (İndiki Dövlət İmtahan Mərkəzi) necə qurulmuşdusa, elə də qalıb..."
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. O, Dövlət İmtahan Mərkəzinin uzun illərdir ki, heç bir yenilik etmədiyini bildirib:

"Təkcə bir neçə il əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən açıq tipli suallar yenilik kimi gətirildi, amma bu da abituriyentlərin ziyanına oldu. Məleykə Abbaszadə vəzifəyə gələndən bəri sosial şəbəkələrdə, mətbuatda hər zaman müzakirələr gedib, qurum tənqid edilib. İllərdir deyilir ki, bu qurum birbaşa Elm və Təhsil Nazirliyinə qarşıdır. Bu isə abituriyentlərin başında çartlayır. Qurum nazirliyə qarşı olan planlarını abituriyentlərin üzərində sınaqdan keçirib. Əgər Dövlət İmtahan Mərkəzi təmiz, şəffaf işləmək istəyirsə, bunun üçün xüsusi meyar müəyyən olunmalıdır. Bir halda ki, Dövlət İmtahan Mərkəzi imtahanları həyata keçirir, o zaman sualları hazırlayan ayrıca struktur olmalıdır.

Abituriyentlər buraxılış imtahanı verirlər, imtahandan 3 ay sonra tətilə çıxırlar. Buraxılış imtahanı vermiş abituriyent niyə əlavə dərsə getsin? Bu həm tədrisin keyfiyyətini aşağı salır, həm də tədrisi pozur. Bu tip problemlər çoxdur".

Ekspert qeyd edib ki, bu Dövlət İmtahan Mərkəzi mövcud problemləri aradan qaldırmasa, qurumun varlığı belə sual altında olacaq:

"Bundan başqa, dərs vəsaitlərinə əlavələrin çap olunması ilə bağlı məsələ var. Təhsil Nazirliyi tərəfindən fənnlər təsdiq olunur və Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə dərs vəsaitlərinin çap olunmasına icazə verilir. Amma Dövlət İmtahan Mərkəzində "test müəllimi" - bunker müəllimi sistemi var. Bu, abituriyentləri asanlıqla özünə cəlb etmək məqsədlidir. Bu, alternativ təhsildir. Bu gün biz repetitorların üzərinə düşmüşük, lakin əslində alternativ təhsili meydana gətirən məhz Dövlət İmtahan Mərkəzidir. Bu qurum dərs vəsaitləri çap edir və buraxılış imtahanına düşən sualların əksəriyyəti məhz onların hazırladığı kitablardan olur. Ona görə də abituriyentlərin əsas diqqəti Dövlət İmtahan Mərkəzinin çap etdiyi vəsaitlərdə və bunker müəllimlərindədir.

Nə qədər ki, belə davam edəcək, Dövlət İmtahan Mərkəzinin varlığı özü şübhə altındadır, nəinki Məleykə Abbaszadənin".

M.Məmmədli DİM sədrinin istefasının vacib olduğunu vurğulayıb:

"M.Abbaszadənin artıq kifayət qədər yaşı var. Məmurlar 65 yaşında təqaüdə çıxırsa, Abbaszadənin artıq 70 yaşı var. Mən onun şəxsinə qarşı nöqsanlı söz deyə bilmərəm, sadəcə, Dövlət İmtahan Mərkəzinin quruluşu ilə bağlı sistem kifayət qədər qüsurlu qurulub və qüsurları aradan qaldırmaq üçün mexanizmlər hazırlanmalıdır.

O ki, qaldı son illərdə tez-tez müzakirə edilən Məleykə Abbaszadənin vəzifədən getməsi məsələsinə, bəli, o, getməlidir. Əgər bir insan vəzifədə olduğu 30 il ərzində bir yenilik gətirə bilmirsə, mütləq getməlidir".
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info