Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva ilə görüşüb.

Müsabiqənin Mentorluq proqramı çərçivəsində keçirilən görüşdə Sahil Babayev müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Nazir hər iki qalibə təcrübə imkanlarının artırmaları və potensiallarını üzə çıxarmaları üçün birillik fərdi inkişaf planı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri şərait yaradılaraq dəstək göstəriləcəyini qeyd edib.

S.Babayev əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan ardıcıl islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri, gələcək sosial hədəflər barədə məlumat verib.

F.Məhərrəmli və N.Balakişiyeva təcrübə imkanlarını artırmaları üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər ( https://yukselish.az/mentors.html ) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

2023-cü ildə də növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixli Sərəncam imzalanıb.

F.Şərifov
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info