Avropadakı diasporumuz bəyanat yayıb

Avropada yaşayan soydaşlarımız Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum ilə əlaqədar bəyanat yayıb.

“Oslo Azərbaycan Evi”nin, Norveç Azərbaycanlıları Gənclər Birliyinin (NAYO) və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki koordinatorluğunun, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə koordinatorluğunun, Almaniyadakı Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Çexiyadakı “Xarı-Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının yaydığı bəyanatlarda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib.

İran İslam Respublikasının müstəqil Azərbaycan dövlətinə münasibətdə təcavüzkar Ermənistanla eyni mövqedən çıxış etməsini kəskinliklə pisləyən soydaşlarımız Avropa ictimaiyyətini və beynəlxalq birliyi regionda sülh və sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdehlik daşıyanların ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info