Boran Əziz: “Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi təqdirəlayiq addımdır”

“Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi çox məqsədəuyğun və təqdirəlayiq addımdır”. Bu sözləri Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əziz söyləyib.

Ulutv.info: Onun fikrincə, xaricdə yaşayan, Vətəndən uzaqda tariximizdən xəbərsiz böyüyən gənclərin Azərbaycana bağlanmasının siyasi-tərbiyəvi əhəmiyyəti olduqca böyükdür: “Buna görə də yay aylarında xaricdə yaşayan gənclər üçün III Yay Düşərgəsinin təşkil edilməsi doğru qərardır. Bu düşərgənin Şuşada keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Şuşa Azərbaycan mədəniyyəti və onun mənəvi mühiti üçün bir göstəricidir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təsadüfi deyil. Qarabağ xanlığını yaradanların, Şuşa şəhərini salanların Azərbaycan mədəniyyətindəki rolu danılmazdır. Halallıq, dara düşən insanlara əl tutmaq, köməyə ehtiyacı olanlara kömək etmək, insanların dolanışığını təşkil edə bilməsinə şərait yaratmaq kimi ali keyfiyyətlər bu insanların xarakterləri üçün səciyyəvi haldır. Xalqımız üçün səciyyəvi olan bu xüsusiyyətlərin gənc nəsilə çatdırması çox vacibdir. Bu insanlar inanclı olmaqla yanaşı, milli-mənəvi dəyərlərə son dərəcə bağlı adamlar olublar. Tərəfimdən aparılmış “Azərbaycan ruhaniliyində Şuşa məscidlərinin və din xadimlərinin yeri” adlı araşdırma zamanı bir daha əmin oldum ki, bu xanlığın yaradılmasının və Şuşa şəhərinin salınmasının əhəmiyyəti nəinki xaricdə yaşayan gənclərə, heç öz vətəndaşlarımıza da yetərincə təbliğ olunmayıb. Xaricdə yaşayan gənclər üçün ölkəmizin bu istiqamətdə təbliğatının aparılması çox qürurvericidir. Şuşa şəhərinin mənəvi mədəniyyətimizdəki yerinin elmi cəhətdən “Qarabağnamə”lər adlı mənbədən öyrənilməsi daha məqsədəuyğun olardı. Bu baxımdan Komitənin gördüyü iş təqdirəlayiqdir”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info