Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 26-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qəbulda 36 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpa, övladının xidmət yerinin müəyyənləşdirilməsi, Vətən müharibəsində iştiraka görə orden və medalla təltif olunma, şəhid və şəhid ailəsi statusunun verilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətdən möhlət verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlər qanunvericiliyə uyğun olaraq həll edilməsi məqsədilə qeydiyyata alınıb və müvafiq tapşırıqlar verilib.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info