Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təqdimat mərasimi keçirilib.

Tədbirdən öncə Ulu Öndərin Akademiyadakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev Ulu Öndərin həyat və fəaliyyətinin bir kitaba sığdırılmasının mümkünsüz olduğunu qeyd edərək kitabda Ümummilli Liderin ölkəmizdə hərbi quruculuq sahəsində gördüyü işlərə, həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlara toxunulduğunu vurğulayıb. Bildirib ki, hələ SSRİ-nin mövcudluğu dövründə Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanda hərbi təhsil müəssisəsinin yaradılmasına, gənclərimizin hərbi sahədə təhsil almağa yönləndirilməsinə nail ola bilmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratmışdır.

Millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Ulu Öndərin uzaqgörən strategiyasının ölkəmizin davamlı inkişafına, daha da güclənməsinə stimul olduğunu, bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilərək dövlətimizin beynəlxalq arenada nüfuz sahibi olmasına şərait yaratdığını qeyd edib.

Tarix elmləri doktoru Mehman Süleymanov təqdim olunan “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabda Ulu Öndərin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə hərbi təhsil, hərbi xidmətə çağırış və səfərbərlik, beynəlxalq hərbi əməkdaşlıq, peşəkar milli zabit kadrların hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Silahlı Qüvvələrimizin hərbi texnika, silah-sursatla təmin edilməsi mövzularının araşdırıldığını vurğulayıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndərin dövlətçiliyin qorunub saxlanılmasında misilsiz xidmətlərindən, zəngin siyasi irsi və idarəçilik təcrübəsindən danışıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasının demokratik-hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə zəmin yaratdığını ifadə edib.

525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi fəaliyyətinin mühüm istiqamətlərindən birinin də müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması olduğunu bildirib. S. Hüseynli qeyd edib ki, 2 noyabr 1993-cü ildə Ulu Öndərin radio və televiziya ilə xalqa müraciəti ilə vətəndaşlar respublikanın bütövlüyünü qorumaq üçün ayağa qalxdı. Bu müraciət həmçinin yeni ordu quruculuğu prosesinin əsasını qoydu.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info