`Ballı` marketdə ağzımızın dadını necə qaçırırlar... - Söhbət 50 qəpikdən yox, 50 qəpiklərdən gedir...

Allah mənə güclü intuisiya və skeptik xarakter verib. Saata baxmadan vaxtı, tərəziyə qoymadan çəkini cüzi fərqlə təyin edə bilirəm. Çox zaman düppədüz. Hətta şəkərimi və təzyiqimi də tez-tez ölçmürəm, çünki buna ehtiyac duymuram. Artıq, əskik və ya normal olduğunu hissiyyatımla bilirəm.
Mağazadan aldığım malları kassada vurduranda məndən artıq və ya əskik aldıqlarını çekə baxmadan hiss edir, baxdıqdan sonra səhv etmədiyimə əmin oluram.

Az öncə də belə oldu. Hövsan kəndindəki "Ballı" marketdən bəzi şeylər aldıq. Pulu ödəyib çıxdıqdan sonra xanıma dedim ki, deyəsən, çox aldılar, çeki ver, baxım.
Çekdə yekun məbləğ 14.55 idi. Bunu bilirsiniz ki, kompüter hesablayır. Ancaq mən kompüterə də skeptik yanaşan insanam. Odur ki, şifahi hesabladım və zənnim məni aldatmamışdı: 14,05 idi.
Xanım təklif etdi ki, gəl kalkulyatorda da hesablayaq. Hesabladıq və 14.05 çıxdı. Düz 50 qəpik artıq almışdılar.
Ballı marketə qayıdıb, qapının ağzında dayanan administratora yaxınlaşıb, problemi dedim. Malları alıb, kassanın qarşısına tökdü və yenidən hasablatdırdı. Yenə 14. 55 çıxdı.
Dedim, qardaş, gəl özümüz hesablayaq da. Sən ticarətçi, mən filoloq. Bax bu belə, bu elə, o da belə. Cəmi 14 manat 5 qəpik. Razılaşmayıb, dedi ki, gəl kalkulyatorda da hesablayaq. Hesabladıq və yenə məndeyən çıxdı.
Başladı fırlatmağa ki, burda 6 ədəd mal var, amma kassir 5 hesablayıb. Kassir də qayıtdı ki, xeyr, elə 5 maldır. Ondan sonra başladı ki, aparaq malları bir də çəkək və s.
Dedim, qardaş, malı niyə yenidən çəkirik e, söhbət ondan gedir ki, verdiyiniz qəbzdə malların qarşısındakı qiymətlərlə yekun məbləğ uyğun gəlmir. Yenə dedi ki, yox, ola bilməz, bizdə hər şüy düzdür-filan.
Dedim, hər şey düz olsa da, məndən 50 qəpik artıq almısınız. Üzr istəyib pulumu qaytarmaqdansa, at kimi üzümə durursan.
Əlli qəpiyi qaytarsalar da, üzr istəyən olmadı. əgər üzrxahlıq edib, səhv etdiklərini boyunlarına alsaydılar, bu statusu yazmaya bilərdim.
Etmədilər və mən də yazdım. Hamıya məsləhət görürəm ki, marketlərdən alış-veriş etdikdən sonra qəbzlərdəki yekun məbləğə inanmayın. Xüsusilə də, "Ballı" marketlər şəbəkəsindən. Çünki sistemi kompüterə qəsdən elə yükləyirlər ki, müştəridən artıq ala bilsinlər. Gün ərzində min nəfərin hərəsini 50 qəpik aldatslar, bu edir 500 manat. Ancaq 15 manatlıq alverdə 50 qəpik aldadırlarsa, 100 manatlıqda bu 3-4 manat olur.
Bu da fırıldağın yeni növüdür və düşünürəm ki, aidiyyatlı orqanlar bundan xəbərsiz deyil. Azərbaycan xalqının aldadılması, tovlanması, loxlanması siyasəti davam edir. Çünki kifayət qədər diqqətli və prinsipial deyilik.
Qəbzi paylaşıram və buyurub, hesablaya bilərsiniz.


(Müəllif: Nadir Qocabəyli - ekspert)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info