"Əgər valideyinlərə tikiş evləri tərəfindnə təklif edilən geyimlər baha gələrsə.... - bu zaman özləri bu məsələni həll edə bilərlər"

“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Yəni növbəti tədris ilindən - sentyabrın 15-dən orta məktəblərdə yeni məktəbli formasının tətbiqi gerçəkləşəcək.

Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb.

Bakı Tikiş Evindən AzEdu.az-a verilən məlumata görə, həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər 25, jaketlər isə 30 manatdır.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, məktəblərə bununla bağlı təlimat verilib.

Ölkə üzrə yeni məktəbli formasına dair qaydalar hələ keçən ilin martında Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərarda əks olunub.

Məlumat üçün bildiririk ki, Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.

Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.

Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.

Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.

Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.

Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).

Qeyd edək ki, vahid məktəbli forması məsələsi illərdir mübahisəli bir durumdadır. Bir neçə dəfə yeni modellər, rənglər satışa çıxarılıb.

Ən ciddi məsələ isə bu paltarların keyfiyyətsizliyi ilə bağlıdır. Həmçinin, paltarlar bahadır, bir evdən 2-3 uşaq məktəbə gedərsə, valideyn yarım aylıq maaşını təkcə formaya verəcək.

Qiymətlər bahadır...

“Köynəyin 15, şalvarın da 25 manata satılması bahadır. Bu qiymətlər 5 manat aşağı olsaydı, bizim də cibimizə uyğun olardı”.

Bu sözləri Əsmət Əliyeva adlı valideyn “Yeni Müsavat”a açıqlamasında deyib. Həmsöhbətimiz bildirir ki, yeni tədris ilində artıq 2 nəvəsi məktəbə gedəcək və indidən məktəbli forması ilə bağlı qayğıları düşünür:

“İndidən düşünürük ki, bir uşaq üçün 2 köynək alınmalıdır, bu 30 manat edir. Şalvar 25, jaket isə 30 manatdırsa, deməli, təkcə bir formaya 85 manat xərcləməliyik. Ümumilikdə ayaqqabı, çanta, digər məktəb ləvazimatlarını da nəzərə alsaq bir uşağa 150-200 manat arası xərcimiz çıxacaq. Ona görə də hesab edirəm ki, məktəbli geyimlərinin qiymətini daha münasib edə bilərdilər. Elə imkansız ailələr var ki, 2-3 uşağı məktəbə yola salacaq. Valideynləri düşünən yoxdur”.

Yeni tədris ilində övladı 5-ci sinfə gedəcək Aynur adlı valideyn isə bildirdi ki, satılan məktəb formalarının həm qiymətindən, həm də keyfiyyətindən narazıdır:

“Qızım üçün hələlik 2 köynək, ətək almalıyam. Qış üçün nəzərdə tutulan geyimi sonra almağı düşünürəm, çünki buna imkan yoxdur. Üstəlik həmişə məktəb formalarının keyfiyyətindən narazı qalmışam”.

Valideynlər hələ ki, məktəbli forması almağa tələsmir...

Bakı Tikiş Evinin (BTE) satış üzrə müdiri Etibar Əzimov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hələ ki, az sayda valideyn məktəbli forması almağa gəlir:

“Ötən il növbədə gözləyən valideynlər bu il tez gəlib, almağa çalışır. Lakin hələ ki, kütləvilik yoxdur. Məlum olduğu kimi camaatımızda bir xasiyyət var, hər şeyi axırda görür. Yaxşı olardı ki, indidən artıq almağa başlasınlar ki, sonradan növbələrdə qalmasınlar.

Qeyd edim ki, təkcə Bakı şəhərində 10 mağaza açmışıq. Regionlarda da, o cümlədən Astara, Lənkəran, Cəlilabad və Şirvan şəhərində də mağaza açmışıq. Yaxın vaxtlarda isə Qaxda və digər bölgələrdə daha bir neçə mağaza açmağı planlaşdırırıq".

Təxminən 300 min məktəbli forması hazırlanacağını deyən Etibar Əzimov onların keyfiyyətindən də söz açıb:

“Bütün məktəbli formaları keyfiyyətli şəkildə istehsal olunur, yəni keyfiyyətinə söz ola bilməz. Əgər hansısa valideyn narazıdırsa, BTE-nə gəlib, necə keyfiyyətli istehsal olunduğunu görə bilər. Qeyd edim ki, bu günə qədər bununla bağlı heç bir narazılıqla üzləşməmişik. Çünki köynəklərin hamısı 100 faiz pambıq, şalvar və ətəklər isə 60 faiz yun, 40 faiz poliester parçadan hazırlanıb. Yəni, hamısı keyfiyyətli məhsullardır, onları da Türkiyə və Belarusdan alıb gətiririk”.

Yeni məktəbli geyimlərinin ömrü nə qədər olacaq?

Bəs ekspertlərin yeni məktəbli formaları ilə bağlı rəyləri necədir? Yeni məktəbli geyimlərinin ömrü nə qədər olacaq?

İmkansız ailələrə bu formaların dövlət tərəfindən verilməsi mexanizmi işlənməlidirmi?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“İlk növbədə qeyd edim ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir.

Düzdür, hazırda respublikanın demək olar, 4500 dən çox orta təhsil müəsssisələrində şagirdlər məktəbə vahid formada gedirlər. etraf etməliyəm ki, bu, təhsilin keyfiyyətinə müsabət təsir göstərməklə bərabər, həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır.

Amma bir məqamı xüsusi qeyd edim ki, hər bir məktəbin pedaqoji şurası öncədən müəyyən olunan dizayn və məktəbli formalarının etiketlərini məktəb kollektivi ilə müzakirəyə çıxarır. Məktəb üçün uyğun hesab olunan dizaynda qəbul edilən məktəbli forması həmin tədris ili üçün vahid forma kimi qəbul edilir. Hətta bəzi orta ümumtəhsil məktəblərimiz ibtidai və yuxarı sinif şagirdləri üçün fərqli məktəbli formaları tətbiq edirlər. Doğrudur, bəzi hallarda məktəb direktorları tikiş evləri ilə qeyri rəsmi razılıq əldə edir ki, o bütün şagirdləri ancaq o satış dükanından almağa yönəldir. Amma qeyd edim ki, hər valideyn məktəb tərəfindən təsdiq edilmiş formanın eskizini əldə edərək övladının geyimini istədiyi yerdə tikdirə bilər. Amma formanın təsdiq edilən standartlara uyğun olması şərti ilə. Yəni hər bir valideyn məktəb tərəfindən qəbul edilmiş standartlara uyğun olan formanı özü tikdirə bilər. Bu qanunla qadağan olunmayıb. Əgər valideyinlərə tikiş evləri tərəfindnə təklif edilən geyimlər baha gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər.

Etiraf edək ki, əvvəllər bir formanı uşaq ən azı iki il geyinirdi. BTE-nin tikdiyi məktəbli formalarının bir tədris ili keçməmiş rəngi solur, paltar süzülür. Bazarda da yalnız bir tikiş müəssisəsinin geyimləri olduğundan, biz hər il uşağa yeni məktəbli forması alırıq. Şalvar və ətəklərin isə heç bir il keçməmiş keyfiyyəti itir. Bizim tələbimiz odur ki, nazirlik məktəbli formasının dizaynını müəyyən etsin, bu formaların tikilişi sərbəst olsun. Hər bir valideyn istədiyi tikiş müəssisəsində bu geyimi öz övladının ölçüsünə uyğun tikdirə bilsin. Çünki bir tikiş evində standart tikilən formalar çox vaxt uşaqların ölçüsünə uyğun gəlmir. Qiyməti isə bahadır.

Düşünürəm ki, bütün şəhid və məcburi köçkün ailələri , eləcə də aztəminatlı ailələr pulsuz məktəbli forması ilə təmin olunmalıdır".

Bəs dünya təcrübəsində necədir? İnkişaf etmiş ölkələrdə vahid geyim tələbi varmı?

Yaponiya. Bu ölkədə məktəbli forması ibtidai və orta məktəblərdə ənənəvi olaraq oğlanlar üçün hərbi üslub və qızlar üçün matros paltarından ibarətdir. Bu forma Meydzi dövrünün rəsmi hərbi paltarlarına əsaslanır. Oğlanlar üçün geyim ağ köynək, şalvar, qalstuk, pencək və ya sviter jilet, qızlar üçün də ağ kofta nəzərə alınmaqla, pencək, qalstuk, dama-dama yubka və məktəb emblemindən təşkil olunub.

Honkonq. Bu ölkədə məktəbli formaları, adətən, katolik məktəbli formasının ənənələrinə əsaslanır.

İngiltərə. İngiltərə məktəbliləri, adətən, qara frak, jilet, nazik cızığı olan şalvarlı məktəbli dəstləri geyinir.

Rusiya. Sovet dövründə standart “universal” məktəbli forması bütün məktəblərdə istifadə olunurdu və bu hərbi üslubda xatırladan papaqdan, yaxalıqdan ibarət idi. Oğlanların geyimi çiyni yamaqlı funksional tünd göy rəngdə tikilmişdi. 1994 -2013-cü illərdə Sovet dövrü zamanı məcburi olan vahid forma ləğv edilmiş və şagirdlər cins şalvar, qısaqol köynəklər və sviter geyinməyə başlayıblar. İndi hər bir məktəb öz xüsusi formasını seçə bilər.

Türkiyə. Qardaş ölkədə məktəbli formalarının uzun tarixi var. Məktəbli forması bütün dövlət və özəl müəssisələrdə istifadə olunur. Bir sıra istisnalar var. Orta məktəblərdə oğlanlar ağ köynək, pencək və qalstuk, tünd boz rəngli şalvar geyinir. İbtidai siniflərdə mavi forma istifadə olunur. Qızlar oğlanların geyimi rəngdə köynəklər və yubka geyinir, qalstuk taxırlar. Özəl müəssisələrin öz forması var. İbtidai siniflər üçün məktəbli forması 1990-cı illərə qədər qara idi. Ali təhsil müəssisələrinin isə heç biri geyim formaları olmayıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info