Ağsuda başçının bu olaylardan XƏBƏRİ VARMI?

İki həftə əvvəl internet informasiya məkanında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədovun məktəbli geyimini biznesə çevirməsinə dəlalət edən səs yazısı yayıldı.
Həmkarlarının “votsapp” qrupuna səsli mesaj atan Əlmirzə Məmmədov məktəb direktorlarına müraciət edərək onları valideynləri “yalnız İqbal müəllimə məxsus “Ağsu-Mall” paltar mağasına” yönləndirməyi tapşırıb. Sözlərindən məlum olur ki, məktəbli formaları ilə bağlı sifarişləri qəbul etməyə və yerinə yetirməyə iddialı başqa mağazalar da var, amma hansısa maraqlara uyğun olaraq, valideynlər məhz onun göstərdiyi mağazaya istiqamətləndirilir. Geyim monopoliyasına belə ad qoyurlar ki, guya həmin dükanda olan məktəbli geyimlərində hər məktəbin özünün nömrəsi olacaq. Halbuki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi özünün “feyzbuk” səhifəsində avqustun 17-də etdiyi paylaşımda valideynlərə vahid məktəbli formasını özünün istədiyi satış məntəqəsindən almağa və ya tikdirməyə ixtiyar verildiyi qeyd olunub.
Əlbəttə ki, bu, Ağsu rayon təhsilində sadalana biləsi çoxsaylı qanunsuzluqlıardan yalnız biridir. Rayonda təkcə məktəbli formalarının satışı deyil, elə məktəblərin özü də monopoliya altına alınıb, sülalələrin, ailələrin inhisarına verilib. Necə ki, Nüydü kənd orta məktəbi Əzizovların ixtiyarına təslim edilib. Məktəbi 2012-ci ilədək Nüydü kınd bələdiyyəsinin hazırki sədri Əzizov Zabit Əziz oğlu idarə edib, həmin ildən isə direktor vəzifəsini arvadı Əzizova Qənirə Rasim qızına ötürüb. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli müəllim Əzizovlarla birləşərək dövlət büdcəsinə qənim çıxıblar, güdaza gedən isə təhsil, onun keyfiyyəti olub. Məktəbdə uşaq olmadığı halda başqa uşaq adları yazıblar. Bundan əlavə, məktəbdə müəllim və texniki işçilərin biri Əzizovun gəlini olmaqla digər qohumları işləyib.
O da bildirilir ki, hətta bundan əvvəlki bələdiyyə sədri Fəxrəddin Osmanov Zabit Əzizov ilə yeznə-qayındılar. 10 il əvvəl Fəxrəddin Osmanov bələdiyyə ərazisində olan ağacların kəsilib-satılmasına rəvac verdiyinə görə hüquqi şəxs qismində 40 min manat cərimələnmişdi. Sanki Nüydü kəndini Füzuli Kərimlinin vasitəsilə bunlar özəlləşdiriblər. Sual olunur ki, bələdiyyə sədri Füzuli müəllimin əıli olmasa, öz yerinə qaynını təyin edə bilər, ya yox?
Xeyli müddətdir Muğanlı İsmayıllı yolunun tikintisi həyata keçirilir. Əvvəllər bu yolda tez-tez sürüşmə prosesləri nəticəsində yol bəzən aylarla bağlı qalırdı. Mütəxəssislərin fikrinə görə yeni yolun tikintisi zamanı quraşdırılan keçid və körpülər sürüşmə zonalrından yan keçməklə problemi həll edəcək. Yol tikintisini Evrascon (“Azərkörpü” ASC), və “Körpü Bina Tikinti” MMC şirkətləri həyata keçirir.
Ağsu Rayonu Qırlar və Quzey kənd sakinləri adından KİV-ə ünvanlanan müraciətdə xoş niyyətlə görülən işin içində də yeyinti və əhalinin təhlükəyə sürüklənməsi ilə bağlı həyacan notları qeyd olunub.
Kənd sakinlərinin bildirdiyinə görə Nüydü bələdiyyəsinin sədri Zabit Əzizov və Ağsu rayon icra hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli yol tikintisini həyata keçirən şirkətlərlə əlaqəyə girərək uzaq məsafəyə daşınmalı olan torpağı Qırlar, Sanqalan və Quzey kəndləri ərazinə böşaldılr. Buradan Tikinti şirkətləri iş həcminin çox göstərilməsi, realda isə daha az iş görməklə qazanır. Kənd sakinlərinin bildirməsinə görə bu haqq hesabdan Bələdiyyə sədri və İcra hakimiyyəti başçısının müavini də öz paylarını alırlar.
Bəs kənd sakinlərini narahat edən nədir? Torpaq tökülən ərazilər adı çəkilən kəndlərin heyvanlarının otlaq sahələridir. Yeni torpaq üzərində isə ot bitməsi illər sonra əmələ gələ bilər. Eləcə də, tökülən torpaq ərazinin florasını məhv etməklə yanaşı təhlükə mənbəyi kimi dəyərləndirilir. Uzunmüddətli yağışlardan sonra həmin tökülən torpaqlar sürüşə bilər, bu isə Ağsu çayının qarşısını kəsməklə real təhlükəyə çevrilər.
Nüydü Bələdiyyəsinin sədri Zabit Əzizov mediaya bildirib ki, məsələ guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ilə razılaşdırılıb. Tökülən torpaq kütlələri qarşısında bərkitmə işləri görüləcək, onun çaya axmasının qarşısı alınacaq. Tikinti şirkətindən hansısa maddi məbləğin alınmasını birmənalı rədd edən bələdiyyə sədri qeyd edib ki, yol tikintisini həyata keçirən şirkət adı çəkilən kəndlərin yollarını yüksək səviyyədə təmir edəcəklərini öhdəsinə götürüb.
İbrahim Hümbətov (azerinfo.info)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info