Baku TV-nin DİN ilə birgə keçirdiyi gizli narkotik əməliyyatı - VİDEO

Baku TV-yə Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən baytarlıq aptekinə daimi olaraq narkotik alverçilərinin gəldiyi ilə bağlı məlumat daxil olub.

Xüsusi müxbir Toğrul Kamalov gizli çəkiliş vasitəsilə iddianı araşdırmaq üçün sözügedən ünvanda olub.

O, narkotik almaq adı ilə ərazidəki şəxsdən alverçilərin buraya əsasən axşam saatlarında gəldiklərini öyrənib. Axşam yenidən həmin ünvana gedən jurnalist burada narkotik alverinin həyata keçirildiyini aşkarlayıb.

Daha sonra məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumatlandırılıb və qərara gəlinib ki, birgə müşahidə qrupu yaradılsın.

Polis əməkdaşlarının həmin ərazidə keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər - Rauf Cəfərov, Elnur Əlizadə, Hüseyn Əliyarov və Vahid Məmmədov saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslər narkotik vasitə aludəçiləri olduqlarını, qeyd edilən ünvanda yerləşən aptekdən isə narkotik vasitə istifadə etmək üçün şpris aldıqlarını, lakin aptekdə narkotik vasitələrin satışının təşkil olunmadığını bildiriblər.

Eyni zamanda saxlanılmış şəxslərdən Rauf Cəfərov, Hüseyn Əliyarov və Elnur Əlizadə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb ediliblər. Vahid Məmmədovun üzərindən isə narkotik maddə aşkarlandığından faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin araşdırma zamanı qeyd olunan baytarlıq aptekinin lisenziya əsasında işləməsi məlum olub, aptekdə narkotik vasitələrin qanunsuz satışının təşkil olunması faktı isə təsdiqini tapmayıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info