Xırdalanda valideynlər təhsil idarəsinin qarşısında etiraz ediblər – VİDEO

Xırdalan şəhəri 2 saylı orta məktəbin 3-cü sinif şagirdlərinin valideynləri yeni dərs ili başlanmamış üzləşdikləri problemlərlə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin qarşısında etiraz ediblər.
Bu barədə Meydan TV süjet hazırlayıb.
Şikayətçilərin sözlərinə görə, 2 saylı məktəbin binası istifadəyə yararsız vəziyyətdə olduğu üçün 3-cü sinif (rus bölməsi) şagirdləri artıq ikinci ildir ki, yaşadıqları ərazidən uzaqda olan 3 saylı məktəbə getməli olurlar.
Valideyn Vəfa Abdullayevə deyir ki, 3 saylı məktəb yaşadıqları ərazidən uzaqda yerləşdiyi üçün övladının əlavə məşğələlərə apara bilmir.
Başqa bir valideyn - Ülkər Nurullayeva bildirir ki, 3 saylı məktəbdə də sıxlıq olduğu üçün övladlarını üçüncü növbəyə yazıblar.
Şikayətçi Çinar Əlizadənin sözlərinə görə, ötən il söz verilmişdi ki, bu dərs ilinə qədər 2 saylı məktəbin hazırki korpusu təmir ediləcək və hətta yeni korpus tikiləcək. Amma bu vədlərin heç birini məktəb rəhbərliyi yerinə yetirməyib.
Valideynlər məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Pərviz Əhmədovla görüşüblər. Pərviz Əhmədov jurnalistlərin suallarına cavab verməsə də, valideynlərə bildirib ki, məktəb direktorları ilə məsələyə aydınlıq gətirəcəklər.
Təhsil Nazirliyinə ünvanlanan sorğu da cavabsız qalıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info