Arif Əliyev: “O adamlar üçün kitabla siqaretin heç bir fərqi yoxdur...”

Xəbər verdiyimiz kimi bir neçə gün öncə “Qanun” nəşriyyatının direktoru, tanınmış naşir Şahbaz Xuduğoğlu qəribə bir hadisəylə qarşılaşıb. Beləki, ilk dəfə olaraq təkərli kitab dükanı ilə səfərə çıxan Ş.Xuduoğlu Bakının Fatmayı kəndində özünü Mədəniyyət idarəsinin direktoru kimi təqdim edən xanımın kobud rəftarı ilə üzləşib. İdarənin direktoru naşirdən kitab satmaq üçün icazəsinin olub-olmamasını soruşub. Nəticədə isə arada mübahisə yaşanıb.

Adalet.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu cür adamların mədəniyyət sahəsinə aidiyyatı olmadığını bildirib:
“Belə şeyə Sovet dövründə də rast gəlirdik. O zaman da maşınlarla kitab satırdılar. Onda gələnə xoş gəldin deyirdilər. Əlbəttə, bu cür yanaşmanın heç bir əsası yoxdur. Elə bir tələbmi var ki, sən bələdiyyənin ərazisində kitab satırsan və bələdiyyə bunu bilməlidir. Bələdiyyənin min dənə işi var, bir zibillə bacarmır gəlib kitab satışının qarşısınımı alacaq?

Fatmayıda Mədəniyyət evi olmasını birinci dəfədir ki, eşidirəm. Amma görünür onun mədəniyyətə ümumiyyətlə dəxli yoxdur. Mənə belə gəlir ki, özünə hörmət edən nazirlik belə işçisinə savad verməyib-verməyib, heç olmasa cəzasını verməlidir.

Biz ondan danışırıq ki, kitabı təşviq etmək, oxumaq lazımdır. Onda belə məlum olur ki, hardasa kitab satanda icazə alınmalıdır. Əlbəttə ki, bu çox pis yanaşmanın və düşüncənin nəticəsidir. O adamlar üçün kitabla siqaretin heç bir fərqi yoxdur.

Əgər haqqında danışdığımız məmurlar bunu tələb edirlərsə, deməli onlara bunu “yuxarıdan” tapşırıblar. Mədəniyyət sahəsində bu cür adamlar çoxdur və bu sahə ən lazımsız, ixtisas tələb etməyən sahə hesab edilir. Nazirlikdən tutmuş aşağı dövlət strukturlarına qədər doxsan faizi ümumiyyətlə mədəniyyətin sahəsindən keçməmiş adamlardı. Bizim sahəmizdə nə barş verirsə, orda da bu şeylər baş verir. Humanitar sahələrə münasibət belədir ki, kim istəsə burda qayda qoya bilər və işi görə bilər. Ona görə də belə şeylər məktəblərdə, kinoteatrlarda, teatrlarda qabağımıza çıxır”-deyə Əliyev bildirib.

Vasif Əlihüseyn
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info