Görüntülərə baxın: Budurmu Xankəndiyə girən ordu?! – VİDEO

Aqşin Evrən yazır…

Təkərlərində Bərdə, Ağdam torpağı daşıyan Rusiya TIR-ı Xankəndiyə daxil oldu.

Vətənin “bu tayının” torpağı 30 ildən çox bizdən uzaq qalan “o tayının” torpağı ilə birləşdi.

Hava da yağışlı keçdi bu arada, Bərdə torpağı palçıqlaşdı ki, Rusiya TIR-ının təkərlərinə bərk-bərk yapışsın, Xankəndidəki hissəsinə qovuşsun.

Mənim üçün Ağdam-Xankəndi yolunun açılması xəbəri bu sentimental notlarla müşayiət olundu.

Düzdür, hələ ki buradan Rusiya TIR-ı keçib, amma hələ ki…

Əsas odur yol açıldı, dünya da gördü ki, Ağdam-Xankəndi yolundan istifadə etmək mümkündür. Dünyaya sübut etdik ki, rəsmi Bakı Xankəndidəki erməniləri blokadada saxlamayıb.

İndi Qarabağda blokadada qalan bircə şey var – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ermənilər üçün göndərdiyi 40 tonluq humanitar yardım.

Lakin regiondan xəbəri olmayan bəzi dünya ulduzları, pornostarlar, ikili standart üzrə birinci yeri tutanlar Azərbaycanı Qarabağda soyqırım törətməkdə günahlandırmağa çalışırlar.

Azərbaycanın soyqırım niyyəti olsaydı, 2020-ci il müharibəsi dövründə Laçın dəhlizini bağlayıb, Qarabağı qan çanağına çevirərdi. Bunu rus, erməni ekspertləri də deyirlər:

“10 Noyabr razılaşması olmasaydı, faktiki olaraq 20-30 min erməni hərbçisi mühasirəyə düşüb qırılacaqdı”.

Lakin Azərbaycan Dövlətinin, Ordusunun məqsədi qətliam deyildi. Hədəf bir idi: ərazi bütövlüyümüzü bərpa etmək, işğala, təxribatlara son qoymaq. Bu missiyanı şanlı Azərbaycan Ordusu inanılmaz və dünya tarixinə yazılacaq parlaq zəfərlə tamamladı.

İndi başda Ermənistan olmaqla, bütün dünya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyir. Rəsmi Bakı da bu ayrılmaz hissəsindəki erməni vətəndaşlarına humanitar yardım göndərir. Nəzərə alaq ki, orada silahlı terrorçular var. Azərbaycan tanklarla, BTR-lərlə girəcəyi əraziyə çörəklə gəlir, ermənilərin qapısını əlində çörəklə döyür.

Buna baxmayaraq, bəzi nanaylar hələ də Azərbaycanın Xankəndidə soyqırıma hazırlaşdığını, qətliam törətdiyini iddia edirlər.

Ağdam-Xankəndi yolunda dayanan nəqliyyat vasitələrinin – TIR-ların fotolarına baxın. Budurmu Xankəndiyə girən ordu?! İçi humanitar yardımla dolu TIR-larla necə soyqırım etmək olar axı?!

Xankəndiyə ilk olaraq Bərdə, Ağdam torpağı girdi.

Gün gələcək, Bərdə, Ağdam avtobusları girəcək.

…və o gün uzaqda deyil.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info