Vətəndaş bilə-bilə barəsində qanunsuz hökm çıxaran hakimi bağışladı

Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilən vətəndaş Şirvan Apellyasiya Məhkəməsində bəraət alsa da onu barəsində bilə-bilə qanunsuz hökm çıxaran hakimdən şikayətçi olmayıb və dövlətdən təzminat tələb etməyib.
Ulutv.info bildirir ki, bu barədə Gununsesi.info-ya Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (“Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunan Ramin Mirzəyevin vəkili Ceyhun Yusifov deyib: “Hüquqlarını müdafiə etdiyim Mirzəyev Ramin İlyas oğlu (bəraət almış şəxs ) əsassız şəkildə (CM 234.4.1, 234.4.3) 2 il müddətində həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsi (kompensasiya )ilə bağlı məhkəməyə müraciət etmək niyyətindən vaz keçdi.
Səbəbini onunla izah etdi ki, müharibə şəraitində olan dövlətdən əlavə xərcin çıxmasına vicdani yol vermir. Eynən də maddi və mənəvi haqqını Şirvan Apellyasiya Məhkəməsinin Məhəmməd Bağırov, Rəşad Abdulov kimi ədalətli hakimlərin ədalətinə keçdiyini bildirdi.
Bununla da Ramin Mirzəyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmünü çıxardan, qanunsuzluq edərək işi obyektiv şəkildə araşdırmayan hakimləri Xamməd Nuriyevdən, Oruc Cəlilovdan, Əli Əliyevdən və Lənkəran Ağır Cinayətlər məhkəməsi sədr Elxan Süleymanovdan daha çox dövlətini sevdiyini nümayiş etdirdi. İnanın, bu cür hakimlərdən qurtulmasaq vicdanlı vətəndaşların ümüdünə qalacağıq”.
Vəkil, həmçinin sual edib ki, görəsən, bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin hakim seçilərkən mərhələləri necə keçib?
” Lənkaran Ağır Cinayətlər Məhkəməsi 99% İttiham hökmü çıxarır” deyən vəkil burada Azərbaycan Respubilkası Statiska Komitəsinə istinad etdiyini vurğulayıb.

Bununla belə Ceyhun Yusifov bilə-bilə qanunsuz hökm çıxaran hakim üçün Cinayət Məcəlləsində cəza nəzərdə tutulduğunu deyib.
Vəkil hesab edir ki, vətəndaş şikayətçi olmasa belə Məhkəmə-Hüquq Şurası bu cür hakimlər barəsində tədbir görməlidir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info