Cəmil Məmmədliyə pul verilməsi ilə bağlı sübut yoxdur

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə əlaqədar məhkəmə istintaqı başlayıb.
Qaynarinfo xəbər verir ki, bu gün hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkən qismində tanınan Fuad Həbibov ifadə verib.
O, Cəmil Məmmədlinin 2017-ci ildən tanıdığını deyib. Fuad Axundovun sözlərinə görə, Cəmil Məmmədli onun anası mərhum Nəcimə Babayevanın qətl işi ilə bağlı araşdırma aparıb. Fuad Həbibov bu müddət ərzində Cəmil Məmmədliyə hissə-hissə 3500 manat verdiyini bildirib. O, əlavə edib ki, bacısı Gülnarə Həbibova da jurnalistə hissə-hissə 6500 manat verib.
Fuad Həbibov əlavə edib ki, jurnalist özü onlardan pul tələb etməyib. “Bizdən pul tələb etməyib. Özümüz vermişik”, - deyə o bildirib.
Cəmil Məmmədlinin vəkili Fariz Namazlı zərərçəkəndən pulun verilməsi ilə bağlı hər hansı sübutun olub-olmadığını soruşub. Fuad Həbibov sübutunun olmadığını deyib.
Cəmil Məmmədli isə bildirib ki, ümumiyyətlə ona pul verilməyib. “Sübut ola bilməz. Çünki pul verilməyib. Deyilənlər hamısı yalandır”, - deyə jurnalist vurğulayıb.
Proses oktyabrın 5-nə təxirə salınıb.
Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Jurnalist ittihamların qondarma olduğunu bildirir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info