Fotosu çəkilməsəydi “Tarqovıda”kı qanunsuz obyekt tikiləcəkdi? – “Başqa vaxt olsa o dəqiqə tökülüşərdilər ki…”

Sosial şəbəkələrdə Fəvvarələr meydanında aparılan tikinti işləri ilə bağlı çəkilmiş foto müzakirələrə səbəb olub. İzləyicilər Bakının mərkəzi küçəsində belə tikintiyə icazə verilməsini qınayıblar və şəhərə xoşagəlməz görüntü verdiyini qeyd ediblər.

Fotonun yayımlanmasından sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən məlumata görə, paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırıb.
Məlumata görə, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.
Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.
Bəs məsələ ictimailəşməsəydi sözügedən tikinti davam edəcəkdimi? Ümumiyyətlə paytaxt Bakıda və bölgələrdə qeyri-qanuni tikililərin artmasına səbəb nədir?
AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, nəzarətsizlik sözügedən problemin əsas qaynağıdır:
“Azərbaycanda nə qədər qəribə səslənsə də, ondan çox hökümət və dövlət qurumu var ki, tikintiyə nəzarət etmə səlahiyyətinə sahibdir. Məntiqlə düşünsək, bu cür hadisə birinin gözündən qaçırsa, ən azından digəri bunu görməli və qanunsuz tikililərin həyata keçirilməsi zamanı maneəçilik törətməlidir. Amma biz bunun tamam əksini görürük. Hazırda Bakı şəhərində 400 min, bəzi məlumatlara görə isə 500 min sənədsiz ev var. Bakıdan kənarda da şəxsi tikililər var ki, onların heç birinin sənədi yoxdur. Onda da suallar yaranır, əgər ölkədə ondan çox hökümət orqanın nəzarət etmə funksiyası varsa, bu evlərin və obyektlərin tikintisinə kimlər göz yumur? Deməli nəzarət zəifdir, ortada korrupsiya faktları var. Digər başqa ölkələrin təcrübəsinə baxanda bu proses seçilmiş bələdiyyələrin nəzarətində olur. Məsələn qardaş ölkə Türkiyədə bələdiyyələr qanunsuz tikintilərə imkan vermir, bu məsələni tam nəzarətində saxlayır. Bələdiyyə sədri seçkili orqan olduğu üçün işlərini yaxşı görməyə çalışır. Bizdə tikinti sahəsini gələcəkdə yaradılacaq və ya yaradılmalı olan böyük şəhər bələdiyyələrinə həvalə etmək, seçilmiş orqanlara tapşırmaq daha doğru olar”.

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Razi Nurullayev qeyri-qanuni tikililərin sayının çoxalmasını sənədləşmə problemlərindən qaynaqlandığını bildirib:
“Bakıda qanunsuz tikililərin sayı artır. Qanunsuz tikinti edənlərin də sayı kifayət qədər çoxalıb. Əlavə olaraq, insanlar başqa vasitələrdən, daha dəqiq desək dostdan-tanışdan gözlərini yummalarını xahiş edərək bu tikintilərin reallaşması üçün çalışır. Səbəb isə hazırda tikinti prosesinin qəliz olmasıdır. Bu proses çox çətinləşdirilib və hələ ki, asanlaşacağı da görünmür. Bəzən də vətəndaş tikilini qanuniləşdirmək, sənəd almaq üçün çox əziyyət çəkir və çox vaxt da bunu etmək iqtidarında olmur. Həmin yerlə bağlı qərarlar dəyişir və yaxud həmin yerin xəritəsində, sənədində çatışmazlıq ortaya çıxır. Tikinti aparan şəxs tikintisini aparmaq niyyətində olduğu üçün qanunsuz yola əl atır. Təbii ki, mən bunu bəyənmirəm. Bütün bunlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçün bir siqnal olmalıdır. İnsan dəli deyil ki hansısa tikinti aparsın, sonra da onu söksünlər. Demək ki, o adam torpağını sənədləşdirə bilmədiyinə görə, məcburdur ki, qeyri-qanuni yollara əl atsın”.
Deputat sonuncu dəfə Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) aparılan tikinti işinin ictimailəşəndən sonra dayandırılmasını belə izah edib:
“Nəzarət edən şəxslər belə tikintilərin əvvəldən başlanmasını da görürlər. Bakıdan kənarda hər hansısa bir tikinti etsən, o dəqiqə gəlib başının üstündə durarlar. Hər bir şey bilinir və görünür. Amma bəzən o yerlər çox böyük adamlara məxsus olur, buna kimlərsə susur. Bəlkə tikintini aparan şəxs özü də qeyri-qanuni iş görmək istəməz, onun da hər hansısa sənədləşmə problemləri ola bilər. Bəlkə də hər hansısa qurum ona icazə verir ki, tikintini et, daha sonra sənədləşdirərsən. Tikinti ilə bağlı insanlara bir rahatlıq vermək lazımdır, proses yüngülləşdirilməlidir. Amma biz hələ ki, bu prosesin tam əksini görürük”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info