Mal ətinin qiymətinin qalxması normaldı, niyə təəccüblənirsiniz?

Ötən gün, daha dəqiq ötən həftənin cümə axşamından etibarən mal ətinin qiyməti qalxdı. Bunu heç bir rəsmi quruma istinad etmədən deyirəm. Avqust ayının 2-də 3 kq mal ətinə 42 manat ödədim, dünən avqust ayının 20 - də mal ətinin 15 - 16 manata olduğunu öz gözlərimlə gördüm.

Aradan cəmi 18 gün keçməsinə baxmayaraq mal ətinin qiymətinin, həm də yayda qalxması təəccüb doğurdu.
Oxucularımıza xatırladaq ki, ötən ilin yanvarında Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılırdı. 2021-ci ildə isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb.
Xatırlayırsınızsa, qoyun əti isə ötən ilin dekabrından sürətlə bahalaşmağa başlamışdı. Həmin dövrdə Ağcabədi və Bərdə rayonlarında ətin ortalama qiyməti 11 manat olan halda, Bakıda 18 manat təşkil edirdi.
Elə o ərəfədə deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında məsələ ilə bağlı çıxış etdi:"Səhər tezdən ət topdansatıcılardan 8 manata alınır. Belə olan halda, mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır. Ətin qiyməti hansı metodologiya ilə hesablanır? Bəlkə həqiqətən ölkə daxilində hansısa rüsum var, biz bilmirik” –deyə ətlərin qiymətinin artırılmasına etirazını bildirmişdi.


Hazırda paytaxt sakinləri çox pəjmürdədir. Mal ətinin birdən birə bu həddə çatması hamıda bir çaşqınlıq yaradıb. Hamı demək olar ki, hamı demək olar ki, ətin fantastik şəkildə bahalaşmasının səbəblərini araşdırmağa çalışır. Axı, deputatımız deyirsəki, ət topdansatıcılardan 8 manata alınır, bəs onda bu “16 manat” nə deməkdir?


Respublikada hər gün baş verən qiymət artımı: ərzağın, çörəyin, neft məhsullarının, nəqliyyat və icarə haqlarının, ümumiyyətlə, gündəlik tələbat mallarının artdığı bir vaxtda mal ətinin qiymətinin qalxması əslində təəccüb doğurmamalıdır.
Yeri gəlmişkən, iqtisadçı ekspert Natiq Cəfərli ötən il mediaya verdiyi açıqlamada bildirmişdi ki, 5-6 il öncə ictimai çıxışlarda ətin qiymətinin qalxacağını, bunun səbəblərini söyləmişdik, o zaman ət 7-8 manat idi. İqtisadçı ətin qiymətinin sürətlə qalxmasını elə ötən il proqnozlaşdırıb, səbəblərini də sıraya düzmüşdü:

1. Pambıq əkininin örüş yerlərini, yem bazasını azaltması
2. Dizelin qiymətinin 34% artması və aqrar sektorda dalğavari qiymət artımınınintensivliyi
3. Bu prosesdən sonra yem qiymətlərinin 40-50% civarında bahalaşması
4. Ölkədə qiymətlərin kəskin artması, inflyasiyanın sürətlənməsi: fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər.

Natiq müəllimin siyahısına birini də mən əlavə edim: kənd əhlinin kənd təsərrüfatı ilə məşğul olmasının qarşısını alan o qədər amillər var ki, təsərrüfatla məşğul olmaq imkansızlaşır. Bu səbəbdən kənddən şəhərə kütləvi axın var və bu da şikəst olmuş kənd təsərrüfatını "koma" vəziyyətinə salır.

Qeyd edək ki, hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

P.S. Təəccüblənməli nə var e, qiyməti qalxmayan nə var ki, ətin də qiyməti qalxmasın! Yeganə qalxmayan bir maaşdı, bir də..................... (nöqtələrin yerini özünüz doldurun...)


Əntiqə Rəşid
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info