Naxçıvanda fermerlər: "Taxıl monopoliyası belimizi qırır!"

Naxçıvanda fermerlər əkib-becərdikləri buğdanıın bir tonunu dövlətin təyin etdiyi qiymətdən 100 manat ucuz satmalı olurlar. Buna səbəb buğdanı onlardan satın alan dəyirman-tədarük məntəqlərinin bir əldə cəmlənməsdir. Buğdanı satmaq üçün alternativ variantları olmadığında, fermerlər yüksək vəzifəli məmurların nəzarətində olan bu məntəqələrin təyin etdiyi ucuz qiymətlə razılaşmalı olurlar.
Ulutv.info yazır ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il qəraı ilə ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti bu il üçün 450 manat müəyyən edilib. Lakin, Naxçıvanda dəyirman- tədarük məntəqəsi fermerlərdən buğdanın tonunu ən yaxşı halda 350 manatdan qəbul edir.
Fermerlərdən Firudin Qədimov deyir ki, tədarük məntəqələri onlardan ucuz aldığı buğdanın bir tonunu sonradan 250 manat bahasına satır:
“Bu il 20 ton buğda tədarük etmişdim. Tədarük məntəqəsində 35 qəpikdən götürdülər. Halbuki, nazirlər kabinetinin qərarına görə, qiymət 45 qəpikdir. Dəyirman- tədarük məntəqəsində mübahisə etdim, dedilər ki, “istəmirsən qaytar apar. Kimə də istəyirsən şikayət elə. Burada qayda budur”. Məcbur qalıb tonunu 350 manata razılaşdım. Çünki, həm saxlamaq imkanı yoxdur, həm də əkin-biçin işlərinə görə traktorçuya, kombaynçıya borcum var idi. Monopoliyadır deyə, başqa yerə satmaq da mümkün deyil. Ötən il də bizi ucuz satmağa məcbur etdilər. Bir müddət sonra hər tonun üstünə 250 manat qoyub, öz müştərilərinə satdılar”.
Digər fermer Səlim Qurbanov da taxıl monopoliyasından şikayətçidir:
“ Tədarük məntəqəsində 15 ton buğda, 5 ton arpa verdim. Buğdanın kilosunu məndən 35 qəpiyə, arpanı isə 25 qəpiyə götürdülər. Nazirlər Kabinetinin qərarına görə, buğdanın qiyməti 45 qəpikdir. Əziyyətini biz çəkirik, onlar daha çox pul qazanırlar. Tədarük məntəqələri bir əldədir. O da vəzifəli şəxslərə məxsusdur. Bundan istifadə edərək nə ölkə başçısının sərəncamına, nə də Nazirlər Kabinetinin qoyduğu qiymətə məhəl qoymurlar. Bilirlər ki, fermerlərin istehsal etdikləri buğdanı satmaq üçün alternativ variantları yoxdur. Bu səbəbdən fürsətcillik edirlər. Yüksək vəzifəlilərin nəzarət etdiyi taxıl monopoliyası bizim belimizi qırıb”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info