Metro işçiləri vaxtından əvvəl pensiyaya çıxa biləcək - DSMF-dən açıqlama

Xəbər verdiyimiz kimi, dünən “Qafqazinfo”da “Bakı Metropoliteni”nin bir qrup işçisinin (maşinist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verməsi haqda məqalə yayımlanıb.

Belə ki, onlar orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarını iddia edərək vaxtından əvvəl - 57 yaşında pensiyaya çıxmaq hüququna malik olduqlarını bildiriblər. Lakin DSMF Nazirlər Kabinetinin qərarına əsasən, metro əməkdaşlarının ağır və zərərli işdə çalışan şəxslər siyahısında olmadığını qeyd etmişdi.

DSMF həmin məsələ ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, artıq metroda çalışan şəxslərin güzəştli şərtlərlə pensiya alması ilə bağlı müraciət edilib:

“Bir sıra peşə və vəzifələrin də qeyd olunan siyahıya daxil edilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu (DSMF) məsələ qaldırılıb. Fond bir çox təşkilatlara müraciət edib ki, dəyişikliklərdə nəzərə alınması üçün ağır və zərərli iş yerləri barədə məlumatları həmin iş yerlərinin qanunvericiliyə uyğun attestasiyasını aparıb təqdim etsinlər. Bir neçə təşkilatın, o cümlədən “Bakı Metropoliteni” QSC-nin bu barədə təklifləri nəzərə alınmaqla hazırlanmış qanunvericiliyə dəyişikliklər layihəsi hazırda müzakirədədir. Layihə təsdiq edildikdən sonra metroda müvafiq vəzifələrdə çalışmış şəxslərə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün olacaq”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info