Qahirədə Azərbaycanın tanıtımı ilə bağlı tədbir təşkil olunub

Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti
tərəfindən Azərbaycanın tanıtımı məqsədilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Cəmiyyət sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaqlara
Misirlə Azərbaycan arasında mövcud mədəni əlaqələrin tarixi barədə məlumat
verib. Sonra əl-Əzhər Universitetinin azərbaycanlı tələbələri Şeyxəli Nəsirov və
Rahidə Nəsirli Azərbaycan haqqında hazırladıqları təqdimatla çıxış ediblər.
Təqdimat zamanı qeyd edilib ki, müxtəlif sivilizasiyaların qovşağı sayılan
Azərbaycanda əsrlər boyu milli-mədəni rəngarənglik mühiti mövcud olub, ayrı-
ayrı millətlərin və konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı
anlaşma şəraitində yaşayıb. Tədbir iştirakçılarına Azərbaycanın dövlət atributları,
milli valyutası, ərazisi, həmçinin ölkəmizin güclü iqtisadiyyatı, zəngin yeraltı və
yerüstü sərvətləri, təbiəti, tarixi abidələri, dünyaca məşhur müasir tikililəri,
mətbəxi, qədim adət-ənənələri, milli rəqsləri, geyimləri və xalçaçılıq sənəti barədə
ətraflı məlumat verilib.
Tədbirdə həmçinin Azərbaycanın müxtəlif regionlarının təbii-coğrafi şəraiti,
zəngin flora və faunası, qədim mədəniyyət beşiyi sayılan Şuşa şəhəri,
Azərbaycanın dünyaca məhşur yazıçıları, alimləri, görkəmli siyasətçiləri haqqında
məlumatlar qonaqların diqqətinə çatdırılıb.
Misir-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan
misirli general Midhət Camal tədbir təşkilatçılarını bu gözəl diyarı - Azərbaycanı
ziyarət etməyə dəvət edib.
Yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, 10 xarici ölkənin təmsilçilərinin iştirak
etdiyi tədbirin sonunda qonaqlara milli Azərbaycan şirniyyatları təqdim olunub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info