"Prezidentin siyasəti sayəsində Azərbaycan mövcud reallıqlara hazırdır"

2022-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatı bir daha nümayiş etdirdi ki, ölkə uğurla inkişaf edir, qarşıya qoyulan tapşırıqlar yerinə yetirilir. İqtisadi sahədə keçirilən islahatlar 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılmasına imkan verib. Bu ilin yanvar-iyun aylarında iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı müvafiq olaraq 6,2 və 9,6 faiz artıb.

Ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb.

Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb - haradasa 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bu il iyulun 1-də xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edib.

İqtisad üzrə fəlsəfə doktoru İlqar Vəlizadə Trend-ə bildirib ki, makroiqtisadi göstəricilərin artmasına bir sıra görülən işlər xidmət edib.

"Onların arasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar mühüm yer tutur. Təsadüfi deyil ki, son illər Azərbaycanda qeyri-neft ixracı, eləcə də bütövlükdə bu sektor sürətlə artır. Azərbaycanın ixrac strukturunda əlavə dəyər məhsulların payı artır ki, bu da sahibkarlığın həvəsləndirilməsindən, istehsal bazasının inkişafından xəbər verir.

Onu da qeyd etmək lazımdır ki, büdcənin artımına, həmçinin, enerji resurslarının, ilk növbədə, neft və qazın dünya bazarındakı əlverişli qiymətləri də təsir göstərir. Vurğulayım ki, son dövrlərdə qaz və neft ixracından daxil olan gəlirlər bərabərləşib. Bu uğur Azərbaycan rəhbərliyinin uzaqgörən addımları sayəsində əldə olunub", - İ.Vəlizadə bildirib.

O qeyd edib ki, hələ Azərbaycanda qaz layihələrinin icrasının başlanğıcında bir çox tənqidçilər bu sektorun mənfəətsiz olduğunu müdafiə edirdilər.

"Lakin Azərbaycan hökuməti Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və Cənub Qaz Dəhlizinin reallaşdırılmasında israrlı idi. Bu gün biz qazın qiymətinin, xüsusən də Avropada necə qalxdığını görürük və Azərbaycanda yaradılan infrastruktur bu baxımdan yerinə düşdü. Ölkəmiz mövcud reallıqlara uyğun olaraq bazarın diqtə etdiyi çağırışlara hazırdır. Bundan başqa, qaz infrastrukturunun genişləndirilməsi, o cümlədən Azərbaycan qazının tədarükünün artırılması istiqamətində predmet danışıqlar aparılır", - ekspert deyib.

Bundan əlavə, onun fikrincə, Azərbaycanın elektrik enerjisi tədarükçüsünə çevrilməsi də mühüm amillərdəndir.

"Azərbaycanın xarici bazarlarda satdığı elektrik enerjisinin həcmi daim artır. Bizimim elektrik enerjimizi təkcə region ölkələri deyil, Balkan regionu dövlətləri də idxal edir", - İ.Vəlizadə deyib.

2022-ci ilin birinci yarısının yekunlarına görə büdcə profisitinə gəlincə, ekspert qeyd edib ki, büdcə ixrac olunan mallardan iqtisadiyyata daxil olan mühüm vəsait hesabına artıb.

"Hökumət bu ilin sonuna kimi Azərbaycan dövlət büdcəsinin təqribən 67 milyard dollara çatacağını proqnozlaşdırır. Bu, kifayət qədər mühüm rəqəmdir və onu göstərir ki, Azərbaycan qarşıya qoyulan bütün vəzifələrin, xüsusən də azad edilmiş ərazilərin bərpası və digər rayonlarda iri infrastruktur layihələrinin icrası istiqamətində tapşırıqların öhdəsindən gələcək", - deyə o əlavə edib.

Öz növbəsində, iqtisadçı ekspert Emin Qəriblinin dediyi kimi, 2022-ci ilin birinci yarısında makroiqtisadi göstəricilərin artımına Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan islahatlar nəticəsində nail olunub.

"Hesab edirəm ki, ölkəmizdə aparılan islahatlar iki hissəyə bölünməlidir: təbii sərvətlər və karbohidrogenlər. 2011-ci ildən isə insan kapitalının gücləndirilməsi yolu ilə iqtisadiyyatın şaxələndirilməsi daha aktiv keçirilir. 2014-cü ildən Azərbaycanda bu sahədə fəal və məqsədyönlü siyasət həyata keçirilir.

Bu işlər əsasında Azərbaycanda prioritet sahələrin inkişafına yönəlmiş sənəd hazırlanıb. Bundan başqa, ölkədə vergi və gömrük güzəştləri, güzəştli kreditlər verilməyə başlanıb. Burada digər mühüm amil sosial siyasətin həyata keçirilməsidir. Bu islahatlar ölkə büdcəsinin artımının əsası olan əməkhaqqının, pensiyaların artmasına gətirib çıxarıb", - deyə E.Qəribli bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin güzəştlərin verilməsi istiqamətində apardığı islahatlar gələcəkdə də davam edəcək.

"Biz görürük ki, sənaye zonalarında, o cümlədən Qarabağda vergi, gömrük və digər rüsumlardan azadolunmaların tətbiqi iqtisadi inkişafa əlavə təkan verəcək", - o deyib.

Ekspert qeyd edib ki, azad edilmiş ərazilərin "ağıllı" şəhər və kəndlər konsepsiyasına uyğun olaraq bərpası həm Qarabağın özünün, həm də Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verəcək.

"İnnovasiyaların və texnologiyaların tətbiqi ölkənin investisiya cəlbediciliyini artırır, "ağıllı" şəhər və kəndlərin yaradılması nəticəsində isə Azərbaycanın investisiya potensialı əhəmiyyətli dərəcədə artacaq. Hesab edirəm ki, bu gün həyata keçirilən şaxələndirmə üzrə islahatlar gələcəkdə də davam edəcək,

Azərbaycanın əhəmiyyəti isə təkcə regional iqtisadiyyatlar çərçivəsində deyil, qlobal miqyasda da artacaq", - deyə o əlavə edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info