NAPOLEONU MAKRONA QƏDƏR KİÇİLDƏN FRANSA

Uğursuz adamlar çəki ilə satılan paltar kimidirlər. Həmin mallar markasına görə deyil, kütləsinə görə satılır. Fransa prezidenti Emmanuel Makronun mövqeyində də, çəkisini tənzimləyən məhz daşıdığı görəvdir. Adam şəxsi müstəvidə tarix üçün qalıcı obraz yarada bilmədi. Bütün müştəbeh adamlar özlərini persona hesab edirlər. Əllərindəki kapital və ya daşıdıqları görəv öhdəliyindən başqa “paltar var ki, içində adam yoxdur” prizmasından yanaşılmalıdır bu cür tiplərə.

Hər hansı məsələyə münasibətdə müsəlman – xristian müqayisəsindən və ya hadisələrə digər formalı siyasi rəng verilməsindən tam uzaq olsam da, qeyd edim ki, Makronun bəşəri dəyərlərə qüsurlu baxışları var. Makron 1-ci prezidentliyi dönəmində ölkənin Daxili İşlər nazirinə hər hansı səbəb göstərmədən halal ət kəsimi yerlərinin qapadılması göstərişini vermişdi. Kimsə övladına İslam müqəddəslərinin adını verə bilməzdi və s. Bu azmış kimi “erməni soyqırımını” tanımayanın cəzalandırılması üçün müvafiq qanunun qəbul edilməsi Roma papasından daha böyük katolik olmaq demək idi. Halbuki işğalçı Ermənistan hakimiyyətinin özü belə bu məzmunlu qanunun qəbuluna ehtiyac görmür.

Fransa Azərbaycanın haqq davasına münasibətdə də, beynəlxalq hüququn, dövlətlərin daxili işlərinə qarışılmaması prinsiplərini kobud şəkildə pozdu. Separatçıların “lideri”, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən Araik Arutyunyana Fransa senatında çıxış üçün şərait yaradıldı. Bu o senatdır ki, “artsax”ın müstəqil “dövlət” kimi tanınması üçün zaman-zaman müxtəlif cəhdlər etdi. Nədənsə beynəlxalq aləmin utancverici hesab etdiyini, Fransa parlamentariləri özlərinin şərəfli işləri hesab etdilər.

Fransa separatçı ünsürlər üçün davamlı olaraq geniş media platforması təqdim edir. Separatizmi beynəlxalq səviyyədə təlqin edən, sərhədlərin yenidən cızılması və etnik uyğunsuzluqla bağlı ideyaların təbliğinə imkanlar yaradır. Müharibə cinayətkarının demokratik Avropada maneəsiz gəzintisinə şərait yaradır. Nifrət qusan separatizm təbliğatçısının, etnik dözümsüzlüyə təşviq edənin müsahibələri “demokratiyanın beşiyində” yayımlanır.

Siyasəti rənglərlə təsnifatlaşdırsaq, Makronu mavi rəngli siyasətçi kimi təqdim edə bilərik. Səmada bu rəngin qalıcılığı havaya bağlıdır. Fransa prezidentinin hadisələrə hüququn deyil, şəxsi münasibətlər müstəvisindən baxması mavi rəngin havanın temperaturuna və ya fəslin nəinki aylarına, hətta günlərinə görə dəyişməsinə bənzəyir.

Azərbaycan torpaqlarının 30 illik işğalı dönəmində Emmanuel Makron Fransa prezidenti idi. Azərbaycan ərazilərinin bir qismi bu gün də erməni işğalı altındadır. Bu bir qisim dediyimiz 4 şəhər, 4 qəsəbə 169 kənd deməkdir. Lakin bir dəfə belə işğalçıya çağırış etməyən bu mavi rəngli siyasətçi, istər Aprel döyüşlərində, istər 44 günlük II Vətən müharibəsində, istərsə də Sentyabr döyüşlərində Azərbaycana və onun Ordusuna qarşı davamlı qərəz nümayiş etdirdi. Makronun hərəkətlərini “siyasətdə əbədi maraq” kimi başa düşmək də olar. Lakin bu həmişə belə görünmür. Fransa prezidentinin gedişləri bəzən marağın ötəsindən xəbər verir. Normalda bu vicdanın qüsurudur. Kim iddia edə bilər ki, Almaniyanın sabiq kansleri Angela Merkel və ya Böyük Biritaniyanın sabiq baş naziri Boris Conson milli və dövlətçilik maraqlarından çıxış etməyiblər (Söhbət yalnız Azərbaycanla bağlı məsələlərdən getmir – B.H.). Əslində ediblər. Lakin çərçivələri gözləməklə. ədalət prinsipini pozmadan, açıq vermədən. Dünya adlarını çəkdiyim siyasiləri hətta dövlət görəvlərindən ayrılandan sonra belə lider olaraq görür. Bunun bir neçə səbəbi var. Başlıca səbəblərindən biri də özün üçün layiq gördüyün yer və ətrafdır. Görəv insanı böyütməyib, əksinə insan görəvini böyüdüb. Günümüzdə elə hallara rast gəlirik ki, divin qurbağaya aşiq olması əfsanəsini xatırlamaqdan başqa çarə qalmır. “Adam” və ya “adamlar” reputasiyaya kölgə salır, lakin... Makronun siyasi xəttinə nəzər yetirəndə onun prezidentliyini müəllimin oxumayan şagirdinə çarəsizcəsinə verdiyi 3-lə müqayisə edirəm. Əşşi... Əlavə şərhə ehtiyac varmı?

Media və vətəndaş cəmiyyəti nümayəndələrinin, ekofəalların Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyanın artıq ikinci həftəsi də, geridə qaldı. Bu aksiya təbii instinktdir. Amerikalı psixoloq Abraham Maslov hesab edirdi ki, bu tip instinklər genetikdir. Vətəni sevmək, onu qorumaq rühən insana ötürülən instinktdir. Yəni təbiidir. Və bu məsələdə qeyri-təbii olan Makronun münasibətidir. Bir millətin öz torpağına və həmin torpaqdakı sərvətə sahiblənmək istəyindən təbii nə ola bilər ki? Normal zehniyyətin bunu müdafiə etməsi lazımdır. Lakin Fransa senatı və prezidenti köhnə ənənədən imtina etməyi düşünmürlər. Bu fikrini dəyişməyən ölülər və dəlilər misalına bənzəyir.

İnsan haqları və demokratiya carçısı obrazında görünmək istəyən Fransanın tarixində qara hərflərlə yazılan işğallar serialı var. Bu ölkə 10-dan çox ölkəni və əhalisini illərlə dəhşətli yaşama məcbur edib, etməkdədir. Fransa soyqırımlar törədib. Faciələr müəllifidir Fransa.

Yuxarıda qeyd olunduğu kimi Makron Fransa tarixində, tarixin yaddaşına hopan böyük sərkərdə və siyasətçi kimi qalmayacaq. Lakin.prezidentliyi dönəmində öz vətəndaşları tərəfindən ən çox döyülən prezident kimi qalacaq. Əslində bu vətəndaş şapalağı deyil, tarixin yanlışlığı üçün özünü cəzalandırmasıdır.

Və onu da düşünmürəm ki, nə vaxtsa Napoleon Bonopartı Fransa tarixindən silmək mümkün olsun. 16 yaşında hərbi xidmətə gedib, 24 yaşında general, 34 yaşında imperator olan Napoleon dərin zəkaya, yüksək sərkərdəlik qabiliyyətinə sahib idi. O, dünyanın yaşam qaydalarını dəyişən, Avropanı nəzarət altına almaq istəyən dəli diktator deyildi. Makron Napoleon ola bilmədi. Lakin fransız xalqı Napoleonu Makrona qədər kiçiltdilər. Onu özlərinə rəhbər seçməklə.

Zamanında Napoleon ölkənin xoruz simvolunu dəyişdirərək aslan etmişdi. İllər sonra yenidən xoruz fransızların simvoluna çevrildi. Fransızlar hesab edirlər ki, ayaqları zibilliyin içində mahnı oxuyan yeganə canlı xoruzdur. Öz ədalətsizliyi ilə Makronun rəhbərlik etdiyi Fransa bu gün də zibilliyin içindədir. Oxuyan isə yenə də fransız xoruzudur. Mavi rəngli xoruz.

Bakir Həsənbəyli
26.12.2022
Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info