ABŞ-ın Azərbaycandakı təhlükəsizliklə bağlı mövqeyi təəssüf doğurur

ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı qərəzli mövqeyi davam edir. Dövlət Departamenti bu dəfə də Azərbaycanı terror təhlükəsi və sabitliyin kifayət qədər təmin olunmadığı ölkələr sırasında 3-cü yerə daxil edib. Bu, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartların bariz təzahürüdür.

Cəfəng və reallıqdan tamamilə uzaq olan hesabatda ölkəmizin turizm zonalarının, nəqliyyat qovşaqlarının, ticarət obyektlərinin, restoranların, parkların, yerli icra hakimiyyəti orqanlarının binalarının, mədəni və idman tədbirlərinin hər an terrorçu qrupların hücumuna məruz qala biləcəyi ilə bağlı xəbərdarlıq edilir. Dövlət Departamentinin bu qeyri-obyektiv mövqeyi şübhəsiz ki, insanlar arasında əsassız çaşqınlıq yaradır. Bəs, bu kimi xoşagəlməz münasibətin kökündə əslində hansı məqamlar dayanır?

Əlbəttə ki, burada ilk növbədə ABŞ-da kifayət qədər güclü dayaqlara malik erməni lobbi təşkilatlarının Azərbaycana qarşı düşmən mövqedə dayanan digər qüvvələrlə birgə məkrli fəaliyyətini vurğulamaq lazımdır. Xüsusi qeyd edilməlidr ki, bu gün Azərbaycan təhlükəsizlik, sabitlik və əmin-amanlıq baxımından dünyaya nümunə olan ölkədir. Hətta 30 il davam edən erməni işğalı dövründə Qarabağda fəaliyyət göstərən qanunsuz terrorçu qruplaşmaların təhdid və təhlükələrinə baxmayaraq, Azərbaycan hüquq-mühafizə orqanları son dərəcə peşəkarlıq və qətiyyət nümayiş etdirərək ölkəmizə qarşı baş verə biləcək istənilən təhlükənin qarşısını şərəflə və qətiyyətlə alıb. Xüsusi xidmət orqanlarımız dəfələrlə xarici dairələrin terror-təxribat və pozucluq fəaliyyətini anındaca aşkar edib və sabitlik qorunub saxlanılıb. Hətta 44 günlük Vətən Müharibəsi dövründə erməni terrorçu qruplaşmalarının ölkəmizdə törədə biləcəyi istənilən təxribata qarşı son dərəcə ayıq-sayıqlıq nümayiş etdirilib və bu dəfə də Azərbaycanın dünyadakı "təhlükəsizlik adası" imici qorunub.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsindəki tarixi Zəfərimizdən sonra bölgədə yaradılan reallıqlar da məhz sülhün və təhlükəsizliyin uzunmüddətli olmasına hesablanıb. Azərbaycan uzun illərdir ki, dünyada sülhə töhfə verən ölkə kimi tanınır və bu gün də siyasətini bu istiqamətdə davam etdirir. Yəni, Azərbaycanın son onilliklər əldə etdiyi ən böyük uğurlardan biri də ölkəmizdəki sabitlik, firavanlıqdır. Belə olan halda, ABŞ Dövlət Departamentinin bu mövqeyinə sadəcə ad tapmaq mümkün deyil.


Digər təəssüf doğuran məqam isə hesabatda Azərbaycanın suveren ərazisi olan Qarabağın "Dağlıq Qarabağ" kimi adlandırılmasıdır. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkəmizdə "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları formalaşıb. Qarabağda yaşayan erməni əsilli insanlar da Azərbaycan vətəndaşlarıdır. Artıq bütün dünya da bu reallığı qəbul edir və Azərbaycanın mövqeyinə hörmətlə yanaşılır. Brüssel sülh gündəliyi çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərdə Dağlıq Qarabağ ifadəsi istifadə edilmədiyi halda hesabatda Qarabağ bölgəsinin "Dağlıq Qarabağ" adı ilə təqdim olunması birbaşa təxribat xarakterli addım kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə, Azərbaycanda təhlükəsizliyin və sabitliyin etibarlı şəkildə qorunduğu halda belə qeyri-obyektiv məlumatların yayılması dünya ictimaiyyətində Azərbaycana qarşı neqativ fikirlərin yaranmasına, beynəlxalq aləmdə Azərbaycanın qazandığı müsbət imicə zərbə vurulmasına, ölkəmizin turizm potensialının zəiflədilməsinə səbəb olur, respublikanın həm siyasi, həm də iqtisadi nüfuzuna mənfi təsir göstərir.

Dövlət Departamentinin bu hesabatı onu da sübut edir ki, bəzi beynəlxalq dairələr Azərbaycanın regionda yaratdığı yeni reallıqları görmək istəmir. Xüsusilə də ABŞ-ın Azərbaycandakı səfirinin işğaldan olunmuş ərazilərə səfər etməkdən heç bir əsaslı səbəb göstərilmədən boyun qaçırması da xeyli təəssüf doğurur. Görünən odur ki, ABŞ Azərbaycanın qazandığı uğurlara, geosiyasi müstəvidə və iqtisadi sferada əsas oyunçulardan birinə çevrilməsinə birmənalı yanaşmır. Azərbaycana qarşı 30 il ərzində yürüdülən tərəfkeşlik siyasəti bu gün də davam edir. Azərbaycan müstəqillik illərində daim belə haqqsızlıqlarla üz-üzə qalıb, çoxstandartlı siyasətlə üzləşib. Bütün bunlara baxmayaraq, ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə daim inkişaf edib, güclənib, qüdrətlənib. Bu gün Azərbaycan bütün dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrilib. Dünyanın əksər ölkələri Azərbaycanı əvəzedilməz tərəfdaş kimi qəbul edir. Bu gün uzaq Avropanın enerji təminatçısı rolunu uğurla davam etdirən, dünyanın enerji xəritəsini tamamilə yenidən tərtib edən Azərbaycana qarşı bu cür fikirlərin irəli sürülməsi yersizdir. Odur ki, həqiqətdən uzaq məlumatlar, ölkəmizə qarşı yönələn bu qarayaxma kampaniyaları Azərbaycanın dünyada durmadan artan siyasi və iqtisadi qüdrəti qarşısında iflasa uğrayır.\\milli.az

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info