Paşinyanın Xankəndi SİRRİ: TƏXRİBAT HAZIRLAYIR? - Rusiyanın icazəsi ilə...

Sayca dördüncü olan Brüssel görüşü də əldə olunan nəticələri ilə Ermənistan cəbhəsində ciddi narazılıqla, daxili auditoriyada Nikol Paşinyana qarşı açıq etirazlarla müşahidə olundu. Bu görüşün əvvəlindən bəlli idi ki, bir çox məsələlərdə artıq tərəflər arasında sülh yolunda müəyyən önəmli razılıqlar mövcuddur və bu görüş həmin məsələlərin həllində sıçrayış nöqteyi nəzərdən bir tramplin funksiyasını yerinə yetirəcək.


Görüşdən dərhal sonra Ermənistan və Azərbaycan dövlət başçılarının da bədən dili hər şeyi izah edirdi. Avropa İttifaqının prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekununa dair bəyanatında da bir daha aydın oldu ki, rəsmi Bakının istəyinə uyğun olaraq artıq Qarabağ məsələsi tamamilə masadan yığışdırılıb.

Bunun ardınca Nikol Paşinyan İrəvana gələr-gəlməz artıq Ermənistanın paytaxtında əleyhdarlarının etiraz aksiyası başladı. Çox keçmədi analoji proseslər sülhməramlıların müvəqqəti nəzarət zonası hesab edilən Xankəndində də təkrarlandı.

Liderlərin Brüssel görüşündən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndinə qanunsuz səfərinin məqsədinin separatçıların 2 sentyabr "müstəqillik" tədbirləriylə bağlı olduğu iddiaları qeyd olunsa da, səfərin məqsədinin başqa olduğu istisna edilmir:

⚫️ Paşinyanın dərhal Xankəndindəki vəziyyətlə yerində tanış olmaq məqsədilə yaxın adamını Qarabağ torpağına göndərməklə vəziyyəti ələ almaq üçün hansı tezislərin işinə yarıyacağını müəyyənləşdirmək baxımından bu addımı atdığı ehtimalları yüksəkdir.

Baxmayaraq ki, Armen Qriqoryan Qarabağa qanunsuz səfərinə görə Azərbaycandan üzr istədi. Erməni mətbuatının yazdığına görə, Armen Qriqoryan Azərbaycanın reaksiyasından o qədər qorxuya düşüb ki, daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən üzr istəyib və Xankəndiyə səfərə görə özünə haqq qazandırıb.

O, əslən Qarabağdan olduğunu, Qarabağa səfərinin siyasi deyil, şəxsi məqsədlər güddüyünü - ata evini və atasının məzarını ziyarət etdiyini bildirsə də əslində Nikol Paşinyanın Qarabağ separatçılarının sentyabrın 2-də "müstəqilliklərinin" 31 illiyi münasibəti ilə ünvanladığı müraciətdə bəzi məqamlar açıq-aydın ortaya çıxır.

Paşinyan müraciətində "status" və Minsk qrupunun "fəaliyyətini" qabartmağa çalışır. Halbuki o, Moskva və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə Qarabağ və Minsk qrupundan nəinki danışa bilmir, ümumiyyətlə Minsk Qrupu formatı, "Qarabağ münaqişəsi, "Dağlıq Qarabağ", "status" kimi terminlərin bu görüşlərdə istifadə edilməsi cürətini belə özündə tapmır. Aydın məsələdir ki, Paşinyan öz yerindən, kürsüsünün aqibətindən çox narahatdır.

O, özünə qarşı etirazların kütləvi hal alacağından narahat olduğu üçün vəziyyəti kontrola almaq məqsədilə daxili auditoriyaya oynamaq məqsədi güdür. Göstərməyə çalışır ki, "mən Qarabağ məsələsinə biganə deyiləm, Qarabağın statusu üçün əlimdən gələni edirəm". Erməni baş nazir bununla da özünə qarşı olan etirazları səngitmək məqsədi güdür, amma fərqində deyil ki, artıq kəndir daralır və manevr imkanları çoxdan tükənməyə başlayıb.

⚫️ Qriqoryanın Xankəndi səfərini başqa cür də şərh etmək olar. Belə ki, nəzər saldıqda görə bilərik ki, erməni baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra bir dəfə də olsun Xankəndinə gəlməyib. Paşinyan yaxşı bilir ki, bu qanunsuz səfər bölgədə gərginliyi artıra bilər və Bakının haqlı narazılığı Ermənistanı Avropa İttifaqı qarşısında daha da dili gödək, boynu bükük vəziyyətə sala bilər, nəticədə rəsmi Bakı bildirə bilər ki, Ermənistan danışıqlar prosesinə xələl gətirmək üçün belə bir addım atdı. Bu da Paşinyana Qərbdə olan etimadı daha da sarsıda bilər.

Qriqoryanın bu qanunsuz səfərindən sonra ancaq belə qənaətə gəlmək olar ki, Paşinyanın bu məsələdə mövqeyi dəyişib və yeni yolun çəkilişindən sonra Xankəndinə gəlmək riskini gözdən keçirmək istəyir. Armen Qriqoyanı Qarabağa göndərməsinin səbəbi də məhz nəbz yoxlaması ola bilər ki, bütün riski gözə alaraq Xankəndinə səfər üçün yola düşsün.

Ola bilsin ki, Paşinyan düşünür ki, onsuz da Qarabağla bağlı bütün planlar alt-üst oldu, vəziyyət artıq tamamilə Azərbaycanın üstünlüyü şəraitindədir. Mümkün etirazların qarşısını almaq üçün başqa seçimi qalmır. Ən azından Qarabağ ermənilərinin vəziyyətinə biganə qalmadığını, onlara dəstək, birlik nümayiş etdirdiyini, 44 günlük müharibənin nəticəsi kimi, postkonflikt dövrünün də diplomatik məğlubiyyətinin kökündə məhz Köçəryanların, Sarkisyanların zamanında buraxdıqları səhvlərin təsiri olduğu abu-havası yaratmaqla çulunu sudan çıxarmaq barədə düşünə bilər.

Xüsusilə də Xankəndidə erməni baş nazirə qarşı "satqın" ittihamları artıq separatçı rejimin özü tərəfindən dəstəkləndiyi, İrəvanın Xankəndinə təsir imkanlarının zəiflədiyi bir məqamda baş verməsi böyük ehtimalla Paşinyan hakimiyyətinin separatçı rejimlə mövqelərin bərpa edilməsi məqsədilə müzakirə məqsədi də daşıya bilər. Belə görünür ki, bu mənada N. Paşinyan riski gözə almaq istəyir.

Amma fakt faktlığında qalır: Brüsseldə Paşinyan Azərbaycanın sərhədlərini tanıyacağını, Qarabağ ermənilərinin Azərbaycanın daxili işi olduğunu və Zəngəzur dəhlizini açaçağı ilə bağlı rəsmi Bakının təklif paketinin lehinə olduğunu təsdiqləyib. Bu isə Ermənistan üçün yeni şans yaranması mənasına gəlir: Ermənistan tarixində ilk dəfə olaraq Avropaya maye qazın nəqlində tranzit tərəf kimi iştirak edə bilər.

Bütün bu proseslər fonunda üçüncü, dördüncü tərəflərin müdaxiləsi ilə müxalifətin, separatçıların etiraz aksiyaları, mümkün təzyiqləri mövcud proseslərin qarşısını ala bilməz.

Nikol Paşinyan alternativ yolla olsa belə, ərazimizə belə bir qanunsuz səfər planlaşdırırsa, Moskvanın bu məsələdə icazəsi hələlik vacibdir. Moskvanın Paşinyana Xankəndi səfəri üçün "Hə" deməsi Rusiya-Azərbaycan münasibətlərində gərginliyə səbəb ola bilər. İstənilən anda Paşinyanın Qarabağa gəlişi böyük riskdir.

Rusiyanın hər halda əsas müttəfiqlərindən olan Azərbaycanla məsləhətləşmədən özbaşına qərar verməyəcəyini istisna etmək olmur. Amma nəzərə alsaq ki, Rusiya üçün Ukrayna ilə müharibə fonunda Azərbaycan regionda həyati əhəmiyyət daşıyan logistik imkanları və nəqliyyat kommunikasiya qovşağı olması baxımından bir nəfəslik funksiyasını icra etmək imkanlarına malik çox vacib əsas aktora çevrilir, o zaman Moskva da gərək bunları hesaba qatsın.\\milli.az

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info