Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək

Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri başa çatıb və bu səfəri son dərəcə uğurlu kimi qiymətləndirmək olar. Xüsusilə, dövlət başçısının keçirdiyi görüşlər, verdiyi bəyanatlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çoxtərəfli perspektivlər açır və əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirir. Dövlət başçısının uzaqgörən xarici siyasət strategiyası ölkəmizin etibarlı tərəfdaş kimi qiymətləndirilməsinə şərait yaradan əsas amildir.


Qeyd edək ki, səfər dövlət başçısnın italiyalı həmkarı Sercio Mattarellanın dəvəti ilə baş tutub və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümünə təsadüf edib. Prezident İlham Əliyevin İtaliyaya səfərinin əsas məqamı onun "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən hər il keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı olub. Bu il Azərbaycan Prezidenti bu mötəbər forumda iştirak edib və əsas qonaq kimi çıxış edib.

Ulutv.info trend-ə istinadən bildirir ki, Azərbaycan dövlət başçısının çıxışının əsas mövzusu təbii ki, enerji təhlükəsizliyi və ölkəmizin bu istiqamətdə, xüsusən də son dövrlərdə oynadığı rol olub. Azərbaycan lideri bildirib ki, dünya bazarına enerji tədarükünü şaxələndirməklə biz Avropanın enerji xəritəsini dəyişməyə nail olmuşuq. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Ölkə on ildən artıqdır ki, qonşu ölkələr üçün etibarlı qaz tədarükçüsüdür və Cənub Qaz Dəhlizinin son həlqəsi olan TAP kəmərinin işə düşməsindən sonra Azərbaycan Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixrac etməyə başlayıb. TAP-ın işə salındığı 2020-ci ilin sonundan bu günə qədər Avropa artıq 13,5 milyard kubmetr Azərbaycan qazı alıb. 2022-ci ildə Azərbaycan qaz tədarükünü artırmağı və təkcə İtaliya bazarına təxminən 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.

İtaliyalı iqtisadiyyat və geosiyasət məsələləri üzrə analitik Domeniko Letitsia Trend-ə bildirib ki, Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq bundan sonra da genişlənəcək.

"Azərbaycan özünü İtaliyaya dost və sadiq ölkə kimi tanıdıb. Hazırkı çətin qlobal geosiyasi vəziyyətdə Azərbaycan təbii ehtiyatlarının tədarükü İtaliyanın enerji problemlərinin həllinə kömək edir. Hesab edirəm ki, Bakı ilə əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycan İtaliya və Avropa üçün təkcə etibarlı tədarükçü deyil, həm də Roma və bütün Aİ ilə yaxşı münasibətləri var. Mən Azərbaycanda dörd dəfə olmuşam və həmişə onların İtaliyaya, onun mədəniyyətinə, modasına, musiqisinə münasibətini müşahidə etmişəm. Bu cür ölkə İtaliya siyasətçilərinin və vətəndaşlarının böyük diqqətinə layiqdir", - deyə D.Letitsia bildirib.

Domeniko Letitsia qeyd edib ki, İtaliya və Azərbaycanı ciddi iqtisadi və enerji şaxələndirilməsinə başlamaq zərurəti bağlayır.

"Qaz layihələri ilə yanaşı, hidrogenlə bağlı çoxsaylı layihələr həyata keçirilə bilər. Son zamanlar İtaliya hakimiyyəti Trans-Adriatik boru xəttindən (TAP) hidrogen tədarükü üçün də istifadə imkanlarını təhlil edir, bu, enerji sahəsində əməkdaşlığı daha da gücləndirməyə imkan verəcək. Mən hesab edirəm ki, bu düzgün yoldur və göstərdiyi dəstəyə görə Bakıya təşəkkür edirəm. Azərbaycan sayəsində İtaliya iqtisadi və ekoloji dayanıqlılığa yönəlmiş innovativ enerji mərkəzinə çevrilə bilər", - deyə analitik əlavə edib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info