Ərdoğanın Paşinyana və Putinə zənginin gizli məqamları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəlcə Paşinyanla və onun ardınca Putinlə telefon danışığı bölgədəki pərdəarxası ciddi məqamlardan xəbər verir.

Birincisi, Türkiyə liderinin Ermənistan baş naziri ilə telefon danışığının səbəbi nə idi? Belə bir telefon danışığı hansı zərurətdən yarandı? Yoxsamı bu zəng İrəvana xəbərdarlıq zəngi idi.

44 günlük müharibənin nəticəsi olaraq Ermənistan bölgədə dayanıqlı sülhün, sabitliyin, sıx inteqrasiyaya söykənən əməkdaşlığın formalaşdırılması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Amma indiyədək bu öhdəliklərə əməl olunmur. İrəvan hər dəfə bir vasitə ilə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və prosesi uzatmağa çalışır.

Baxmayaraq ki, son bir ildə Avropa Birliyi də prosesə aktiv qoşulsa da, ciddi nəticə əldə etmək mümkün olmayıb. Xüsusən də Brüsselin təşəbbüsü ilə aprel və may ayında Azərbaycanla Ermənistan liderləri arasında görüşlər keçirildi. Bu görüşlərdə nəinki sülh sazişi üzərində işə başlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması istiqamətində ciddi razılaşma əldə edildi, o cümlədən məsələlərin həlli üçün komissiyalar yaradıldı və razılaşmaların icrası üçün bəlli qrafiklər müəyyənləşdirildi. Lakin və ancaq… Digər məsələlərdə olduğu kimi yenə də İrəvanın qeyri-müəyyən mövqeyi, daha doğrusu vaxt udmaq bəhanəsi ilə hər zaman olduğu kimi hiyləgər metodlardan istifadə etməsi nəticəsində razılaşmalar ancaq danışıq səviyyəsində və kağız üzərində qalmalı oldu.

İrəvan hər dəfə bir bəhanə tapdı. İrəvan ya kənar qüvvələri, daha doğrusu Moskva və diaspor təşkilatlarının, ya daxildəki revanşist qüvvələrin proseslərə mane olduğunu bəyan edərək, vaxt udmağa çalışdı. Hətta vəziyyət o həddə çatdı ki, İrəvanın destruktiv mövqeyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında nəzərdə tutulan görüşlər iki dəfə təxirə salınmalı oldu.

Digər tərəfdən isə mayda Brüssel görüşünün yekununa əsasən tərəflər iki aydan sonra görüşməli və gələcək addımları müzakirə etməli idilər. Amma ortada ciddi nəticə yoxdur.

Ərdoğanı Paşinyanla danışmağa vadar edən zərurətlərdən biri bu idi. Çünki Ankara ilə Bakı bölgədə dayanıqlı sülhün, sabitliyin və əməkdaşlığın fomalaşdırılması istiqamətində Türkiyə milli müdafiə naziri Hülusi Akarın dediyi kimi bir ordu kimi fəaliyyət göstərir. Ankara-İrəvan münasibətləri, Bakı-İrəvan münasibətlərinə adekvat formada həllini tapmalıdır. İrəvan isə burada erməni hiyləgərliyinə əl atıb, məsələni ayırmaq istəyir, amma başa düşmür ki, artıq bu planlar həyata keçən deyil. Proseslər paralel getməli və kompleks şəkildə həllini tapmalıdır. Ona görə də Ərdoğanın Paşinyana və İrəvana zəngini ciddi xəbərdarlıq zəngi kimi də dəyərləndirilməlidir.

Xəbərdarlıq bunlardan ibarətdir:

- Vaxt itikisi İrəvanın ziyanına işləyir və bundan uduzan tərəf Ermənistan və ermənilər olacaq. İrəvanın diqqətinə çatdırılıb ki, vaxt uzanacaqsa, o zaman alternativlər işə düşəcək. Sonrakı isə hər şey gec olacaq.

- Ankara-İrəvan münasibətlərinin sabahı, Bakı-İrəvan münasibətlərindən, Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasından, sərəhədlərin delimitasiya və demrkasiyasında, sülh sazişi üzərində gedən işdən asılı olacaq.

İrəvan Bakı və Ankaranın təkliflərinə uyğun şəkildə addım atarsa, bundan udacaq.

İkincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə telefon danışığını şərtləndirən əsas amil birbaşa Ermənistanla bağlıdır. Yəni Ərdoğanın Paşinyandan dərhal sonra Putinlə danışığı başqa ehtimala əsas vermir. İki ölkə liderinin telefon danışığı ilə bağlı rəsmi açıqlama da bunu deməyə əsas verir.

Moskva sözdə Bakı-İrəvan, Ankara-İrəvan münasibətlərinin normallaşmasını bəyan etsə də, reallıqda bunu istəmir və hər vəchlə buna qarşı çıxaraq, maneçilik yaradır. Digər tərəfdən yəqin ki, Paşinyan da Moskvanın məsələyə əngəl törətməsindən və təhdidindən Ərdoğana şikayətlənib.

Odur ki, Ərdoğan-Putin danışığında əsas müzakirə predmeti Kremlin Cənubi Qafqazda sülh prosesinə yaradılan əngəllərinin aradan qaldırılması və Moskvanın maraqları olub. Ərdoğan Ankranın Cənubi Qafqaz bölgəsindəki konkret mövqeyini Putinin diqqətinə çatdırıb. Yaxın günlərdə baş verəcək proseslər isə hadisələrin hansı səmtdə inkişaf edəcəyini göstərəcək.olke.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info