Azərbaycan Zəngəzurun statusu məsələsini QALDIRA BİLƏR

"Prezident İlham Əliyev Zəngəzur dəhlizini "regional sülhün fundamental elementlərindən biri" adlandırmışdı ki, əslində, tam əsaslı yanaşma da budur. Belə ki, ortaq iqtisadi layihələrə cəlb olunan tərəflər mümkün gərginliklərdən ilkin olaraq öz xeyirləri naminə çəkinirlər. Lakin əsas məsələ bu ortaqlığa necə gəlməkdir. Şübhəsiz ki, qarşıda iki seçim var: danışıqlar və müharibə. Çünki dövlət başçımızın özü ifadə etmişdi ki, Ermənistan razı olacaqsa xoşluqla, olmayacaqsa "Dəmir yumruğ"un gücünə".
Bunu Ulutv.info-ya milli.az-a istinadən açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.




O bildirib ki, Ermənistan Azərbaycan ərazisində status məsələsini yenidən gündəmə gətirərsə, Azərbaycan Zəngəzurun statusundan danışacaq:

"Azərbaycan açıq şəkildə ifadə edir ki, yeni bir müharibə istəmir. Əsas reallıq isə odur ki, Ermənistan hətta ən pis halda istəsə belə ikinci dəfə yeni bir müharibəyə başlaya bilməz. Birincisi, qüvvələr nisbəti eyni deyil. İkincisi isə nəzər nöqtəsi başqa regionlardan uzaqlaşdırılıb, Ermənistana yönləndirilə, hər zamankı silah-sursatla da təmin oluna bilmir.

Mütləq onu da pararel şəkildə qeyd edək ki, Azərbaycan tərəfi də qətiyyət göstərir. Elə sonuncu dəfə Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı qətiyyətlə alındı. Bu iradənin dövlət başçımızın Rusiya tərəfinin yüksək rütbəli hərbçilərinin Azərbaycan tərəfinə üçtərəfli bəyanatın 4-cü bəndinə uyğun olaraq, bu ilin iyun ayına qədər Ermənistan silahlı birləşmələrinin qalıqlarının Qarabağ ərazisindən çıxarılacağına dair söz verdiyini bildirməsindən sonra göstərilməsi də Azərbaycanın geriyə dönüşü olmayan qətiyyətindən xəbər verir.

Zəngəzur dəhlizində Ermənistan hər hansı keçid məntəqəsi yaratdığı təqdirdə, Laçın dəhlizində də anoloji addımlar atılacaq. Yəni kommunikasiyalar üzərində suverenlik olacaqsa bu status məsələsində də olacaq. Əgər Ermənistan Azərbaycan ərazisində status məsələsini yenidən gündəmə gətirərsə, Azərbaycanın tarixi, siyasi baxımdan tam haqqı çatır ki, Zəngəzurun statusundan danışsın.

Bir məsələni ən dəqiq formada ifadə edək ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyət Azərbaycan tərəfindən ən ali, yəni dövlətimizin başçısı tərəfindən nümayiş etdirilirsə, Ermənistan tərəfindən isə status məsələsi yalnız olmasa da, başlıca olaraq müxalifətin əsas oyun kartıdır. Nə status, nə də "Dağlıq Qarabağ" var. Qarabağ və Şərqi Zəngəzur mövcuddur. Şərqi varsa, deməli Qərbi, bütöv Zəngəzur var.

Dövlət başçımız da tarixi faktı həm Ermənistana, həm də digər aktorlara xatırlatmışdı ki, Zəngəzur Ermənistana veriləndə dar bir yol olub. Amma sonradan həmişəki saxtakarlıqlarını işə salaraq İranla yeganə sərhədləri olan bu yolu 42 kilometrə qədər genişləndirdilər. Yəni tarixi faktlar da, tarixi hadisələrin axarını dəyişənlər də məlumdur. Mövcud reallıqda isə Azərbaycan region dövlətlərini əməkdaşlığa dəvət edir. Bu əməkdaşlıq platforması beynəlxalq münasibətlər sistemində cərəyan edən hadisələr fonunda və indiki reallıqda hava-su kimi lazım olan iqtisadi dividentlər baxımından birincisi Rusiyaya, elə İranın özünə də lazımdır.

Odur ki, sadəcə optimist deyil, həm realist prizmadan yanaşdıqda, düşünürəm ki, Zəngəzur dəhlizi məsələsində hətta çətinliklə olsa belə tərəflər ortaq məxrəcə danışıqlar yolu ilə gələcəklər".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info