Xocalı qətliamı bəşər tarixinin ən dəhşətli səhifələrindəndir

200 il ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldı. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salındı, kütləvi qətl və qırğınlara düçar oldular. Tarixi havadarlarından böyük dəstək alan mənfur ermənilər 32 il müddətində başladıqları qanlı münaqişə nəticəsində Qarabağımızı, ümumilikdə 20 faiz torpaqlarımızı illərlə işğal altında saxladılar. Bir milyondan artıq soydaşımız öz doğma Vətənində köçkün, qaçqın həyatı yaşamağa məcbur oldu. Tarixi torpaqlarımız, yaşayış yerlərimiz, maddi-mədəniyyət abidələrimiz erməni faşistləri tərəfindən barbarcasına yerlə-yeksan edildi.

2020 –ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı 44 günlük Vətən müharibəsi ilə tarixləşdi. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. 30 ilə yaxın müddətdə erməni vandallarının işğalı altında qalan tarixi torpaqlarımız öz azadlığına qovuşdu. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 8 Noyabr Azərbaycanın 200 ildə tarixi ədalətinin zəfər çaldığı gündür. İllərdir ki, erməni daşnak qüvvələrinin soydaşlarımıza qarşı törətdikləri faciələrin, qanlı hadisələrin qisası alındı. Ağdaban, Meşəli, Qaradağlı, ən nəhayət, Xocalı qisası ilə böyüyən, düşmənə nifrət hissi ilə yaşayan Vətənimizin mərd oğulları yüzlərlə erməni işğalçısını məhv etdi.
Bədnam qonşularımız 1905-1906, 1918-1920-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri etnik soyqırımı siyasətini 1992-ci ildə bəşəriyyət tarixində ən amansız qətliam olan Xocalı faciəsi ilə davam etdirdilər.
Bütün soyqırımlarda düşmənin məqsəd və hədəfi eyni idi - Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" dövlətini qurmaq. Ermənilərin XX əsrin 80-ci illərindəki təcavüzü 20 mindən çox soydaşımızın şəhidliyi, 50 min nəfərin yaralanması və əlil olması, 4866 nəfərin itkin düşməsi ilə nəticələndi. Xocalı soyqırımı isə bədnam qonşularımızın ölkəmizə qarşı başladıqları müharibənin ən dəhşətli səhifəsidir, insanlığa qarşı ən böyük cinayətidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə irimiqyaslı hücuma başlayan erməni qəsbkarları 613 nəfər dinc sakini qətlə yetirdilər, yüzlərlə soydaşımız əsir düşdü, şikəst oldu, vandallar tərəfindən girov götürüldü
Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.
Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi.
1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi.
Çox təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb və günahkarlar cəzalarına çatmayıblar.
Biz o yerlərə də tezliklə qayıdacağıq. Erməni vəhşilərinin yandırıb kül etdiyi şəhərin küçələri ilə addımlayacaq, müqəddəs şəhid qanı ilə suvarılmış torpağa baş əyəcəyik. O yerlərdə yeni bir Xocalı qurulacaq. Baş meydanında şəhidlərin xatirəsinə və ruhuna yaraşan möhtəşəm abidələr kompleksi də yaradılacaq.
Xocalı qətliamından 31 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.

Fidan Hüseynova
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info