Göyçayda iz itirmək məqsədilə narkotiki qaldıqları oteldə gizlədən şəxslər saxlanılıb - FOTO/VİDEO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilinən şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulutv.info verilən məlumata görə, Ağdaş rayon sakinləri, əvvəllər də oğurluq, eləcə də narkotik cinayətləri törətdikləri üçün məhkum olunmuşlar-Raqif Yusifov və Ruslan Allahverdiyev saxlanılıb. Onların Göyçay şəhəri ərazisində yerləşən otellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İz itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək oteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Ulutv.info