“Alma almaya bənzər”in “Kərimov”u doğum gününü qeyd edir

Bu gün Əməkdar incəsənət xadimi Cəmil Quliyevin doğum günüdür.

UluTv.info xatırladır ki, Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq artistləri A.Alov və V.Naumovun emalatxanası) bitirib.

1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə beynəlxalq festivallarda iştirak edib.

1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998-2006-cı illərdə həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur.

2000-2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.

2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-13-cü illərdə “Mədəniyyət” kanalının baş direktoru olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən 2018-ci il may ayının 5-nə kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru olub. 1 avqust 2018-ci ildən 2019-cu ilədək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019-20-ci illərdə “Azərbaycanfilm“ kinostudiyasının direktoru vəzifəsində çalışıb.
1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilib.

Cəmil Quliyev 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb. 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülüb.

“Marş”, “Balıq günü”, “Bayramda yağış”, “Köç”, “Bu da bir naxışdır”, “Cansıxıcı əhvalat”, “Qarət” və digər filmlərin rejissorudur.

Cəmil Quliyev “Alma almaya bənzər” filmində “Kərimov”, “Murad-Sad”, “Otel otağı”, “Nə gözəldir bu dünya” filmlərində də rolları ilə seçilib.

O, professor Elşad Quliyevin oğludur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info