Cenevrədə Bakıya aid elmi araşdırma təqdim olunub


Cenevrə Dövlət Universitetində Azərbaycana həsr olunmuş “Bakı keçid mərhələsində. Davamlı ərazi layihəsinin inkişafı üçün perimetr təhlili və müdaxilə tədbirləri” mövzusunda elmi araşdırmanın təqdimat mərasimi keçirilib.

Ulutv.info: Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, Fransa universitetlərinin elm xadimləri, Cenevrədə yerləşən müxtəlif elm fondlarının təmsilçiləri, Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbərliyi, Azərbaycan icmasının nümayəndələri, məhşur vəkillər və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edənlər elmi araşdırmanın müəllifi – Cevevrə Dövlət Universitetinin doktorantı Tural Əliyevi və onun elmi rəhbərləri Dr. Aleksandr Hedjazi və Prof. Loran Mateni təbrik ediblər. Elmi araşdırma memarlıq və şəhərsalma sahəsinə böyük töhfə adlandırılıb, Bakı şəhəri urbanizmini əhatə edən və xaricdə nəşr olunan nadir ədəbiyyat nümunəsi kimi qiymətləndirilib. Tədqiqatda Bakının şəhər inkişafının keçid dövrü mərhələlərinin analizləri, memarlıq və şəhərsalma potensialının dinamikası və şəhərin inkişaf modeli öyrənilib. Keçid dövründə son baş planın icra olunmamasının (1986-ci il) səbəbləri olaraq Azərbaycan torpaqlarının 20%-nin işğal olunması, paytaxt Bakının 1 milyona yaxın qaçqın və məcburi köçkünlər problemi ilə qarşılaşması və 16% mənzil fondunun itirilməsi kimi faktlara da diqqət cəlb edilib.

Ulutv.info: Araşdırmada İsveçrə (Cenevrə Universiteti və Frayburq Ali Memarlıq və Mühəndis Məktəbi), Fransa (Monpelye Universiteti və Parisdəki İnalco İnstitutu), ABŞ (Harvard Universiteti və UCLA) və eləcə də Azərbaycan (ADA Universiteti və İnşaat və Memarlıq Universiteti) universitetlərinin alim və ekspertlərinin fikir və təcrübələri, analiz və tövsiyələri nəzərə alınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma” proqramı çərçivəsində gerçəkləşdirilən tədbirin məqsədi diaspordakı elm adamlarının dəstəklənməsi, məşhur xarici universitetlərdə çalışan azərbaycanlı alimlərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmlənməsi, xarici alimlərin Azərbaycan mövzusu ilə maraqlanması, birgə elmi layihələrdə iştiraka stimulun yaranmasına xidmət edir.

Qeyd edək ki, Tural Əliyev həm də İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvüdür.

Diasporla İş üzrə Dövlət Komitəsi alim soydaşımızı bu təqdimat münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində davamlı uğurlar qazanmasını arzulayır.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info