ÜÇ GÜNÜN MİN İLLİK XATİRƏSİ

Hər arzunun bir ünvanı var. Mənim ən böyük arzularımın ünvanı isə şəhidlərimdir. Bir şəhidin yaşadığı evi görmək, bir şəhidin məzarını ziyarət etmək mənim yaşaya biləcəyim ən ali duyğulardı. Çünki həmin ünvanlarda ruhumun şəhid ruhuna daha yaxın olduğunu hiss edirəm. Hiss edirəm ki, şəhidlərim məni duyur.

Qəhrəmanlar oylağı, şəhid qoxulu Naxçıvan torpağına qədəm qoyduğum ilk anda sanki məni şəhidlərimin ruhlarının qarşıladığını hiss etdim. Şəhidlərimin doğmalarını gördüyüm an mənə "Qızım" , "Bacım" deyən şəhid ailələrinin məni bir ailə üzvləri kimi doğma bildiklərinə bir daha şahid oldum. Bu doğmalıq mənim üçün dəyərlərin ən gözəli, ən ucası, ən bənzərsizidir. Axı bu qəlblərin sevgisini qazanmaq asan deyil. Özüm özümə bu sualı verdim - mən bu sevgini, hörməti görəcək nə etdim? Axı mən hələ şəhid adına atdığım addımların az olduğunu düşünürəm. Hələ yolun başında olduğum halda bu qədər sevgi selinə ruhumla qərq oldum.

Naxçıvana çatdığım ilk andan son ana qədər şəhid ailələri bir an belə yalnız hiss etdirmədilər. Gecə gec saatlarda Naxçıvana çatmağıma baxmayaraq qarşılaşdığım mənzərə məni çox duyğulandırdı. Hava limanına endiyim an Bağır Ələkbərovun atası Əsəd əmini gördüyümdə təəccübümü və duyğularımı gizlədə bilmədim. Sən demə bu hələ başlanğıc imiş. Tağı Abdullazadənin Nuranəsinin jestinin qarşısında isə donub qalmamaq mümkün deyildi. Toğrul Məmmədovun qardaşı Üzeyirlə nə zamansa Naxçıvanda hava limanında qarşılaşacağım, hətta üç gün evinin qonağı olacağım həmin o ana qədər yalnız xəyal və arzu ola bilərdi. Naxçıvanla bağlı bütün xəyallarımın üzərinə o gecə nur düşdü.

Emin Sadiqovun anası Gülşad ananın dəvəti ilə getdiyim Naxçıvanda ilk ziyarət etdiyim məzar Eminin məzarı oldu. Eminin mövludu günü onun adına tikilən "Mərasim evinin" açılışına dəvət alanlar sırasında olmaq mənim üçün qürurverici hiss idi. Gülşad anaya sarıldığım an Eminin bizi gördüyünü hiss etdim. Hər şəhid doğması doğma bir insanını gördüyü kimi sevindi. O gözlərdən o sevinci duymaq mənim üçün ən böyük xoşbəxtlik idi.

Naxçıvanda keçən üç gün unudulmaz xatirələrlə yaddaşıma iz saldı. Hər şəhid məzarına, şəhid ailəsinə ən doğmama qovuşurmuşam kimi sarıldım. Bəzən şəhid məzarları önündə ürəyimin taqəti tükənsə də özümdə güc tapıb ziyarətlərimə davam etdim. Mənim üçün asan deyildi o qədər şəhid qardaşımı məzarda görmək. Ziyarətlər zamanı şəhid ailələri məni tək qoymadılar. Üç gündə bir çox şəhidlərimi ziyarət edə bilsəm də edə bilmədiklərim də çox oldu. Sanki ürəyimi, ruhumu Naxçıvanda qoyub geri döndüm.

Mənə qəlbinin və evinin qapısını açan hər bir şəhid doğmasına təşəkkür edirəm. Yenidən görüşmək diləyi ilə...

Şairə, publisist, "Vətən Fədailəri" layihəsinin rəhbəri Manya Səxavətqızı
Ulutv.info



















































Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info