Ağcaqanad dərmanları kimlər üçün zərərlidir?

Yay aylarında demək olar ki, hər kəs ağcaqanad dərmanlarından istifadə edir. Olduqca ucuz qiymətə satılan bu dərmanların bir qismi tüstü formasında, bəzi növləri isə xüsusi qabda enerji şəbəkəsinə qoşularaq istifadə edilir. Bəs bu vasitələr insan orqanizminə necə təsir göstərir?

Ulutv.info-ya danışan həkim-terapevt Sübhan Hacıyev bildirir ki, bu dərmanların sağlam insanlara elə də təsiri yoxdur:
"Yayda xüsusilə dişi ağcaqanadların insanlara hücumu onların mayalanma prosesi üçün qana bolluca ehtiyacları olduğu üçün lazımdır. Onlardan qorunmaq üçün müxtəlif vasitələr var və insanlarımız da bu müxtəlif vasitələri, xüsusilə də kimyəvi tərkibi olan vasitələri istifadə etməklə ağcaqanadlardan qurtulmuş olurlar. Bunların əsas təsir mexanizmləri ondan ibarətdir ki, ağcaqanadların ağciyərləri yoxdur, buna görə də, karbon qazını oksigenlə əvəz edə bilmirlər. Yəni bunun mübadiləsi olmadığı üçün o dərmanları istər yandırdıqda, istər tüstüsündən istifadə olunduqda, istər energetik bir yerə qoşduqda ağcaqanadların tənəffüs sisteminə birbaşa təsir göstərərək onları məhv etmiş olur.

İnsanlara bunun təsiri açığı çox da olmur, xüsusilə də böyük insanlara. Çünki sağlam və 18 yaşdan yuxarı insanlarda hər hansı bir ciddi patologiya olmur. Bu ondan irəli gəlir ki, ağciyərlərimiz daha sağlamdırlar və həmin kiçik porsion təsirlər ağciyərə o qədər də ciddi fəsad törədə bilmir".

Sübhan Hacıyev deyir ki, uşaqların olduğu yerdə bu dərmanlardan istifadə zamanı diqqətli olmaq lazımdır:

"Körpə uşaqlar, xüsusilə də 1 yaşa qədər uşaqların ağciyər həcmi çox kiçikdir və yaxud, xroniki ağciyər, tənəffüs yolu xəstəliyi olan insanlarda, ürək-damar xəstəliyi olan insanlarda müəyyən fəsadlar ola bilər. Ağcaqanad dərmanlarının fəsadları onlara təsir göstərə bilər.

Bu dərmanların toksik təsirinin simptomları olaraq, ürəkbulanma, baş ağrıları, ümumi bir halsızlıq ola bilir. Lakin insan orqanizmində ciddi bir toksikoloji hal baş vermir".

Terapevtin tövsiyəsinə görə, bu dərmanlar insanlar yatmadan 1-2 saat öncədən istifadə edilməlidir ki, yatarkən dərmanın təsirinə məruz qalmasınlar.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info