78 bıçaq zərbəsi ilə QƏTL: "Emin 444" niyə öldürülüb? - TƏFƏRRÜATLAR

2019-cu il mayın 9-u saat 23:37-də Bakının Binəqədi rayonu İsrafil Həşimov küçəsi 8 ünvanında bıçaqlanma hadisəsinin olması barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng daxil olur.

Dərhal Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları həmin əraziyə yollanır və orada üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edirlər. Cinayəti törədən şəxs Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılır.

Araşdırma zamanı qətlə yetirilən şəxsin 1988-ci il təvəllüdlü Emin Səfərov olduğu müəyyənləşir. Asfalt üzərində, həmçinin mərhuma məxsus “BMW X5” markalı (99-XE-444) avtomobilin salonundan qan ləkələri aşkarlanır.


Həmin maşında olmuş Əli Yusifov da bıçaq xəsarətləri alaraq, saat 23:50-də Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinə müraciət edib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Emin Səfərovun cəsədində 11 ədəd daxilə nüfuz edən, 27 ədəd daxilə nüfuz etməyən və 28 ədəd kəsilmiş, ümumilikdə 66 ədəd yara, həmçinin 12 ədəd sıyrıq aşkar edilib.

Saxlanılan 1995-ci il təvəllüdlü Həsən Tağıyevin ifadəsinə əsasən, mayın 12-də şübhəli şəxs qismində 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub.


Kikboksinq üzrə dünya çempionu olan Zaur Yusifov 2013–2017-ci illərdə Dövlət Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib.

KİV-ə açıqlama verən mərhumun qardaşı Elçin Səfərov bildirib ki, Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan Emin Səfərovun qətlində 6 nəfər iştirak edib.

Lent.az “Emin 444”ün qətlə yetirilməsi üzrə cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, mayın 9-u saat 23 radələrində Emin Səfərov özünə məxsus “BMW X5” markalı avtomobili 6-cı mikrorayon ərazisində, yolun kənarında saxlayıb. O, telefonla danışarkən baş verən münaqişədən məlumatlı olan Zaur Yusifovun atası Əli Yusifov yaxınlaşaraq, qabaq sərnişin oturacağında əyləşib. Emin nəqliyyat vasitəsini asta sürətlə İ.Həşimov küçəsindəki 8 saylı binaya tərəf sürüb. Piyada hərəkət edən Zaur Yusifov və Həsən Tağıyev bunu görərək, əlverişli şəraitdən istifadə edib maşına yaxınlaşıblar. Zaur Yusifov üzərindəki bıçağı çıxararaq, pəncərədən sürücünün köynəyinin yaxasından tutub və sinəsinə bıçaqla bir neçə zərbə vurub. Ardınca Həsən Tağıyev də çantasından çıxardığı bıçağla ona xəsarətlər yetirib. Emin Səfərov ön sağ oturacağa keçməyə çalışarkən, sürət qutusunun pillələri dəyişib və avtomobil geri istiqamətdə hərəkət edərək, arxa təkərləri havada səkinin üzərində dayanıb. Həsən Tağıyev və Zaur Yusifov maşının ön hissəsindən keçib, sağ ön qapıya yaxınlaşıblar. Emin Səfərova salonda, sonra içəridən çıxarmaqla küçədə çoxsaylı zərbələr endiriblər.

Mayın 10-da təqsirləndirilən şəxs qismində dindirilmiş Həsən Tağıyev bildirib ki, Emin Səfərovu hadisədən 5-6 ay əvvəl tanıyıb. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra o, məhəllə uşaqlarından onun barəsində eşidib:

“Bir-birimizlə rastlaşanda salamlaşıb hal-əhval tuturduq. Aprelin 30-da Zaur Yusifovla çay evində olanda Emin Səfərov idarə etdiyi maşını avtoyuma məntəqəsinə gətirdi. Obyektən çıxıb, Eminlə salamlaşdıq. Söhbət edərkən Emin “məni kimsə tutdurur, amma bilmirəm kimdir” dedi. Zaurla aralarında sözlü mübahisə yarandı. Bu vaxt Emin mənə deyib ki “get işinlə məşğul ol, bizim yanımızda dayanma”. Ona görə, onlardan 10-15 metr kənara çəkildim. Onlar Eminin avtomobilinə əyləşib ordan uzaqlaşdılar və 10 dəqiqədən sonra geri qayıtdılar. Emin Zauru düşürüb getdi. Mayın 9-da saat 17 radələrində marketin qarşısında dayananda Emin yanıma gəldi, “Həsən, tez ol, otur maşına” dedi. Əvvəl avtomobilə əyləşmədim, ona hörmətsizlik etmədiyimi bildirəndə, Emin yenə təkrar edib ki, maşınına minim. Arxa sağ oturacaqda əyləşəndə, Zaur marketdən çıxdı və sürücü tərəfdən pəncərə açıq olduğundan, əli ilə sükanı burub saxladı və məndən avtomobildən düşməyimi tələb etdi. Eminə dedi ki “biz dostuq, qardaşın Elçinlə də danışmışam, Həsən sənə hörmətsizlik etməyib”. Bundan sonra maşından düşdüm. Həmin gün axşam çay evini işlədən Qara adlı şəxs Zaura zəng edib dedi ki, Emin gəlib obyekti təhvil alacağını bildirdi. Zaur Elçinlə əlaqə saxlayıb, bu məsələni onun diqqətinə çatdırdıqda, Elçin Eminin əvəzinə üzrxahlıq etdi və gələn kimi bunu aydınlaşdıracağını söylədi. Bundan sonra, Zaurla birgə onun atası Əli Yusifovun evinin qarşısına gəldik. Dostum “mən gedirəm atamgilə, sən də get evə, Elçin gəlsin, barışıq olacaq” dedi. O, evə zeytunluq deyilən ərazi ilə yox, çay evinin yanından getdi. Sosial Müdafiə Fondunun inzibati binasına az qalmış, arxadan Eminin gəldiyini gördüm.


Səfərovla söhbətimi özü həll etmək qərarına gələrək, avtomobilinə yaxınlaşdım. Zaurun atası Əlinin Eminin yanında əyləşdiyini gördüm. Səfərov “maşına oturmağımı” tələb edəndə “minməyəcəyimi” dedim. Çantamdan bıçağı çıxarıb, onun sinəsinin sağ yuxarı hissəsinə zərbə endirdim. Bu zaman Emin sol əli ilə biləyimdən tutdu. Döş qəfəsinə xatırlamadığım sayda xəsarətlər yetirdim. Avtomobil arxaya doğru getməyə başladı. Sürücü tərəfdən qapı açılanda, Eminin ayağına zərbə vurdum. Səfərov sağ tərəfdən Zaurun atasının oturduğu hissəyə keçəndə cəld maşının ön tərəfindən sağ qapının yanına gəldim. Əli Yusifov avtomobildən düşüb, Eminlə aramda dayandı və “bəsdirin, məni də vurdunuz” sözlərini deyərək, evinə tərəf addımladı. Səfərov maşından çıxıb üstümə gələndə, səkidən aşağı düşdük. Kimsə qışqıraraq, “nəyə baxırsız, aralayın” dedi. Fikir vermədən, bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqda davam etdim. Özümə gələndə qarşımda Zauru gördüm. Emin binanın tinində yerdə uzanıqlı vəziyyətdə qalmışdı. Sonra hadisə barədə atama xəbər verdim”.


İlkin ifadəsindən fərqli olaraq 2 gündən sonra dindirilmiş Həsən Tağıyev qeyd edib ki, cinayəti Zaur Yusifovla birlikdə törədib.

İstintaqın gedişatında əlavə dindirilmiş Həsən Tağıyev yalan danışdığını, həmin axşam hadisə yerində Zaur Yusifovun olmadığını və Emin Səfərovu tək qətlə yetirdiyini bildirib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Zaur Yusifov bildirib ki, Həsən Tağıyev ona məxsus klubda kikboks idman növü üzrə məşq edib. Emin Səfərovu hadisədən 1 il əvvəl qardaşı Elçin Səfərovun vasitəsi ilə tanıyıb:

“Münasibətimiz yaxşı idi. Mayın 9-da Həsən Tağıyevi evə yola salandan sonra atamgilə getdim. Yarım saatdan sonra qapının zəngi çalındı, atam qan içində qışqıraraq, həyətə girdi və “məni vurdular, onlar orda bir-birilərin qırırlar” dedi. Dərhal küçəyə çıxıb avtomobilə yaxınlaşanda Həsənin yerdə uzanıqlı vəziyyətdə olan Eminə bıçaqla xəsarətlər yetirdiyini gördüm. Dostumu yaralanan şəxsdən kənarlaşdıraraq, üstünə qışqırdım. Evə qayıdaraq, qardaşımla birgə atamı xəstəxanaya apardıq”.


Zaur Yusifov qeyd edib ki, Emin Səfərovun ölümündə heç bir iştirakı olmayıb, əksinə, onların arasındakı narazılığın qarşısını almağa çalışıb. Buna görə, dəfələrlə Elçin Səfərovla danışıb və qardaşını başa salmasını xahiş edib.

O, istintaqın axırına kimi cinayətdə iştirak etmədiyini vurğulayaraq, istintaq eksperimentlərində ümumiyyətlə ifadə verməkdən imtina edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Məlahət Səfərova ifadəsində göstərib ki, oğlu Emin Səfərov əvvəllər 2 dəfə məhkum olunub. 2018-ci il mayın 3-də cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb:

“Həmin il noyabrın 25-də Eminin toyu oldu, məclisdə Zaur Yusifov və onun ailə üzvləri də iştirak etdi. Axırıncı dəfə, 2019-cu ilin mart ayında oğlum üzərində odlu silah gəzdirdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. Aprelin 12-də o, ev dustaqlığına buraxıldı. Bundan sonra Emini məscidə aparıb tövbə etdirdim ki, bir daha üstündə nə bıçaq, nə də odlu silah gəzdirməsin. Günlərin bir günü, ərazidəki orta məktəbin qarşısında təsdüfən Zaur Yusifovla rastlaşdım. Söhbət edərkən, yalvarıb ondan Eminə atmacalı sözlər söyləməməsini xahiş etdim. Zaur oğlumun onun işlərinə qarışdığını bildirdi. Buna baxmayaraq, ona mehribançılıq etmələrini deyib, evimə getdim. Yusifov faizə pul verirdi, faizi vaxtında çatdırmayanları isə incidirdi. Bunu bilən Emin Zaura belə etməməsini demişdi. Mayın 9-da Xızı rayonuna getdim və saat 18 radələrində Bakıya qayıtdım. Gəlinimə zəng edib onları evə dəvət etdim. Bir azdan Emin yoldaşını bizə gətirdi, amma özü evə qalxmadı. Gəlinim mənə neçə gündür Zaurla Emin arasında mübahisə yarandığını və bir müddət əvvəl kiminsə Emini aşağı çağırdığını dedi. Gəlinimə narahat olmamasını və bu barədə digər oğlum Elçinə məlumat verəcəyimi bildirdim. Saat 22 radələrində Eminin qonşusu Ramilə mənə zəng edərək, “binanın qarşısına gəlməyimi” söylədi. Nə baş verdiyini soruşduqda, o, heç nə demədi. Pis hadisə baş verdiyini hiss edib oğlumun yaşadığı evin qarşısına gəldim. Oğlumu, yerdə uzanıqlı, qana bulaşmış vəziyyətdə gördüm. Yanında oturub ağlamağa başladım. Yanında 2 ədəd bıçaq vardı, baş örtüyümü çıxarıb onun üzünü sildim. Sonra ətrafa çoxlu sayda insanlar toplaşdı”.

Sosial şəbəkə yazışması

Məlahət Səfərova qeyd edib ki, oğlunun qətlində Həsən Tağıyev və Zaur Yusifovla yanaşı, Zaurun atası, qardaşı və bacısı oğlu da iştirak ediblər.

Şahid qismində dindirilmiş Əhməd Tağıyev bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidməti alayının baş inspektoru vəzifəsində xidmət edir:

“Mayın 9-u saat 23 radələrində “BMW” markalı avtomobilin səkinin üzərində dayandığını görüb yol-nəqliyyat hadisəsi baş verdiyini düşündüm. Maşına yaxınlaşanda bir nəfəri yerdə, arxası üstə uzanıqlı halda gördüm. Meyitin yanında dayanan şəxsdən bıçağı yerə qoymasını tələb edəndə, o, kəsici aləti meyitin yanında qoyaraq “məndən narahat olmayın, qaçan deyiləm” dedi. Binəqədi rayon Polis İdarəsinə zəng edərək, hadisə barədə məlumat verdim və oğlanın qolundan tutaraq “Nəsimi” metrostansiyası istiqamətində, yola doğru apardım. Orda onu 7-ci bölmənin əməkdaşlarına təhvil verərək, hadisə yerinə qayıtdım”.


Şahid Əli Yusifov bildirib ki, mayın 9-da yaşadığı evə tərəf piyada gedərkən Emin Səfərova məxsus avtomobilin işıqlarının yanılı olduğunu görüb və qapını açaraq, sürücünün yanında əyləşib:

“Emin nəqliyyat vasitəsini idarə edərkən, ondan “bir böyük kimi Həsənlə işi olmamasını” xahiş etdim. Ona “təzə azadlığa çıxdığını, evləndiyini, heç kimə problem lazım olmadığını” söylədim. Emin maşını döngədə saxlayaraq mənə “öz işi ilə məşğul olmağımı” bildirdi. Elə bu an Həsən sürücü tərəfdən yaxınlaşaraq, bizə salam verdi. Cavab olaraq Emin onu söydü və bıçağı ona tərəf atanda kəsici alət maşının tavanına dəydi. Həsən əlindəki bıçaqla Emini vurdu. Onları aralayarkən, sağ qolumdan xəsarət aldım. Özümü pis hiss etdiyim üçün maşından düşüb evimə tərəf getdim. Həyətə daxil olub oğlum Zamini səslədim. Zaurla Zamin məni xəstəxanaya apardılar. Tibbi yardım göstərildikdən sonra, səhər saat 4 radələrində polis əməkdaşları qızımın evinə gələrək, məni 7-ci bölməyə apardılar”.

Şahid Elçin Səfərov bildirib ki, Rusiyanın Moskva şəhərində meyvə-tərəvəz alveri ilə məşğuldur:

“Qardaşım Emin Səfərov 2013-cü ildə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci ilin may ayında azadlığa çıxandan sonra konkret hər hansı işlə məşğul olmurdu, maddi cəhətdən ona köməklik edirdim. İdarə etdiyi avtomobili də mən almışam. Qardaşım Bakıda, əsasən də 6-cı mikrorayon ərazisində nüfuz sahibi idi. Qonşuluqda yaşayan Zaur Yusifovu sələmə pul verən kimi tanıyırdım. Bir neçə dəfə ondan faizə pul götürüb geri qaytarmışam.


Bu barədə aramızda “Whatsapp” tətbiqində yazışmalar da var. Zaur kikboks idman növü üzrə müəllim işləyirdi, öz klubu, həmçinin çay evi var idi. Həsən Tağıyev də Zaur Yusifovun klubunda məşq edirdi, onun yaxın əhatəsinə daxil idi. Aprelin 30-da Zaur mənə zəng edərək “qardaşın Eminlə ölümə gedirik” söylədi. Aramızdakı mübahisənin səbəbini soruşanda Yusifov deyib ki, qardaşım ona sələmçiliklə məşğul olduğuna görə irad bildirib. Eminlə mehribançılıq etməsini xahiş edəndə, Zaur razılaşmayaraq, qardaşımın işlərinə mane olduğunu dedi. Bundan sonra Eminlə əlaqə saxlayaraq, Zaurdan uzaq durmasını bildirdim. Hadisə günü Yusifov mənə zəng edib, artıq qardaşımın hamını bezdirdiyini, ya Eminin, ya da özünün 6-cı mikrorayonda qalacağını dedi. Telefonumun enerjisi bitdiyindən qardaşımdan məsələni tam öyrənə bilmədim.

Axşam anamdan nə baş verdiyini soruşduqda, o “Zaurun Emini öldürdüyünü” bildirdi. Yusifovla əlaqə saxlamaq cəhdi alınmadı, telefonuna zəng çatmırdı. Zaurun qardaşı Zaminə zəng edib “qardaşımı öldürmüsünüz?” soruşanda, o, mənə “mən ayırırdım, atam da yaralandı” dedi. Bundan sonra Bakıya gəldim, ayın 10-da qardaşımı Masallı rayonunda dəfn etdik”.


Məhkəmə iclasında Həsən Tağıyev ittiham üzrə özünü qismən təqsirli bilib, Zaur Yusifov özünü təqsirli bilməyib.

Məhkəmə hesab edib ki, Həsən Tağıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya saxlama) maddələri ilə təqsirli bilinib, cəzalandırılmalıdır.

Zaur Yusifovun 120.2.1-ci və 120.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət alıb və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, məhkəmə zalından həbsdən azad olunub.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Tağıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 2022-ci il martın 14-də Bakının 6-cı mikrorayonunda mərhum Emin Səfərovun qohumu Samir Şirəliyev qisas məqsədi ilə Zaur Yusifovu güllələyərək, qətlə yetirib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info