Avronun ucuzlaşmasının manatın məzənnəsinə nə kimi təsirləri ola bilər?

"Avro digər valyutalara qarşı dəyərdən düşdüyü kimi manata nəzərən də son vaxtlar ucuzlaşır. Belə ki, ilin əvvəlindən bəri avro manata nəzərən təxminən 13 % ucuzlaşıb".

Bu barədə Ulutv.info report-a istinadən sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd olunub ki, avronun dəyərdən düşməsi ilk növbədə avrozona ölkələrindən idxalı bir qədər ucuzlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir: "Nəticədə məzənnə kanalı ilə inflyasiya idxalının məhdudlaşması baş verir".

Avronun məzənnəsinin daxili valyuta bazarındakı ümumi vəziyyətə təsiri ilə bağlı isə Mərkəzi Bankdan bildirilib ki, valyuta bazarında tarazlıq əsasən tədiyə balansından asılıdır:

"Tədiyə balansının profisitli olması valyuta bazarında təklifin artımı ilə müşaiyət olunur. 2022-ci ilin I rübü üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti Ümumi Daxili Məhsulun 22,4 %-i səviyyəsində olub. İkinci rübdə tədiyə balansı üzrə müsbət meyillər davam edib".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info