Azərbaycan BƏƏ ilə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Ulutv.info bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə uğurlu əməkdaşlığı vurğulayıb, ölkəmizdəki fəaliyyətində səfirə uğurlar arzulayıb. O, diqqətə çatdırıb ki, Ticarət, qarşılıqlı investisiya qoyuluşu, KOB-ların dəstəklənməsi, logistika, turizm və s. sahələrdə əməkdaşlıq genişlənir. İqtisadi-ticarət tərəfdaşlığının inkişafında Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəliyi və Dubayda Azərbaycan Ticarət Evi kimi platformaların əhəmiyyətli rolu var.

M.Cabbarov işğaldan azad edilmiş ərazilərimizdə BƏƏ şirkətlərinin iştirakının təşviqi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiqi ilə həyata keçirilən layihələr, sənaye, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı və digər istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş imkanlar olduğunu bildirib, bu baxımdan biznes dairələrinin fəal əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Səfir isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, BƏƏ şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info