AİB-lə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib

İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının rəsmisi ilə görüşdə iqlim dəyişikliyi ilə
mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB-in COP29 çərçivəsində fəaliyyət və
qlobal iqlim siyasəti sahəsində plan layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə
edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya
Departamentinin baş direktoru Yevgeniy Jukovla görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və AİB arasında səmərəli əməkdaşlığın
həyata keçirildiyini vurğulayıb. Bu il ölkəmizin AİB ilə tərəfdaşlığının 25 ilinin tamam olduğu
qeyd edilib və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin önəmi bildirilib. Bankın ətraf
mühit, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika
potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından
iştirakı yüksək qiymətləndirilib.
Görüşdə dövlətə məxsus müəssisələrdə səmərəliliyin artırılması, həmin müəssisələrə özəl
investisiyaların cəlb edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat verilib, bu
istiqamətdə əməkdaşlıq imkanları nəzərə çatdırılıb.
Yevgeniy Jukov AİB-in Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı atılan
addımların təqdirəlayiq hal olduğu qeyd edilib. Qurum rəsmisi COP29-un ev sahibi seçilməsi
münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətinə
toxunub. AİB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək
göstərməyə hazır olduğu ifadə olunub.
Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB
tərəfindən COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində hazırlanmış plan
layihəsi və mümkün işbirliyi istiqamətləri müzakirə olunub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info