Futbol tarixində görünməmiş incikliklə bağlı “Sumqayıt”dan Ayxan Abbasova cavab

"Sumqayıt”ın sabiq baş məşqçisi, hazırda "Turan Tovuz”u çalışdıran Ayxan Abbasovun sumqayıtlı azarkeşlərlə bağlı açıqlaması müzakirələrə səbəb oldu. Bir qədər də dəqiqləşdirsək, Abbasov "Turan Tovuz”la oyundan sonra mətbuat konfransında sabiq komandasının azarkeşlərindən narazılığını bildirib, onu alqışlamadıqlarını söyləyib. Bəs bu məsələyə klubun və azarkeşlərin münasibəti necədir? Məsələ ilə bağlı hər iki tərəfin mövqeyini öyrəndik.

Əvvəlcə klubun idman direktoru Faiq Hacı-Məhərrəmov Ulutv.info-ya qaynarinfo-ya istinadən açıqlamasında Abbasovun dediklərini müzakirə etdiklərini və bununla bağlı azarkeşə hər hansı bir söz deməyin düzgün olmadığını bildirib:

"Ayxan müəllim gedəndə mən klubun meneceri vəzifəsində işləyirdim. Oradakı söhbətlərlə bağlı tam dərinə getməmişəm. Amma sonuncu açıqlaması bizdə də müzakirələrə səbəb oldu. Təbii ki, sabiq baş məşqçidir, onun da istəkləri nəzərə alınmalıdır. Amma bu azarkeşdir, kütlədir, heç kim çıxıb deyə bilməz ki, niyə belə etdiniz? Təkcə fanklubdan söhbət getmir. Stadion dolu idi. Kimsə qışqırsa, deməycəklər ki, "niyə qışqırırsan”. Azarkeşin öz fikri var. İstədiyini təbrik edə, deyə bilər. Burada baş məşqçilik etdiyi dönəmdə nailiyyətləri, əziyyətləri olub. Müəyyən nəticələr verə bilib. Üçüncü yeri tutub, iki il ard-arda avrokuboklarda oynayıb. Söhbət uğurun ciddi olub-olmamasından getmir. Yəqin ki, sabiq baş məşqçi kimi azarkeşlər tərəfindən nəsə gözləyirdi. Bəlkə də pis mənada yanaşmırdı. Azarkeşlərin alqışlayıb-alqışlamamasına biz qarışa bilmərik. Onun klubla alıb-verəcəyi yoxdur. Ayrılanda nə lazım idisə, klubla Ayxan müəllim arasında oldu. Hətta eşitdiyimə görə, bir neçə dəfə onun adını çəkib, alqışlayıblar. Özüm eşitməmişəm, amma mənə deyiblər ki, belə hallar olub, yəni onu dəstəkləyiblər. Klubun özünün də Ayxana heç bir maliyyə və başqa borcu qalmayıb. Azarkeşlərin diqqətinə gəlincə, buna heç nə deyə bilmərik. Olmayıbsa, olmayıb, buna görə onlardan nəsə soruşmaq düzgün deyil”.

"Sumqayıt” fanklubunun rəhbəri Sənan Mirzəyev də düşüncələrini bölüşüb. O, öz komandalarına, futbolçularına görə rəqib baş məşqçini alqışlamağı heç də normal saymadığını söyləyir:

"Əslində, heç bir şey baş vermir. Ayxan müəllimin "Sumqayıt" üçün etmədiyi qalmayıb. Onunla nəinki azarkeşin, heç rəhbərliyin də problemi yoxdur. Sadəcə, sonuncu oyundan sonra müsahibə verib, azarkeşlərdən incidiyini deyib. Onu tribunadan dəstəkləmədiklərini bildirib. Müəyyən mənada haqlıdır. Amma burda başqa bir məsələ var. Ayxan müəllim Sumqayıta rəqib kimi gəlib. Oyundan bir gün əvvəl, məşqdə onu normal vəziyyətdə qarşılamışıq, görüşüb söhbətləşmişik. Azarkeşlərdən onun yanına qaçıb görüşənlər də olub. Dəstək istəyirsə, problem yoxdur. Oyun vaxtı stadionda "Sumqayıt”ın bir neçə sabiq futbolçusunun adı çəkiləndə azarkeşlər alqışladılar. O cümlədən Ayxan müəllimin də adı gələndə eyni münasibət göstərildi. Ancaq düşünəndə bizim də komandanın vəziyyəti yaxşı deyil. Xal, qol vurmaq istəyirik. Sadəcə, həmin ərəfədə onu alqışlamaq düzgün olmazdı. Təsəvvür edin, onu alışlasaq, rəqibə motivasiya verib, öz komandamızı "sındırmış” oluruq. Gəlin bir anlığa yerimizi dəyişək, nə düşünərsiniz? Şəhərimin komandası oynayır, durum da ürəkaçan deyil. Ümidimiz də vardı ki, qələbə qazanacağıq, amma alınmadı. Bunların fonunda onu alqışlamaq… Düzdür, burada yaxşı işlər görüb, o başqa. Baxın, bizim Samir Abasovumuz, Nazim Süleymanovumuz, Aqil Məmmədovumuz, Bernard Raabımız olub. Samir "Zirə”nin baş məşqçisi kimi bura rəqib kimi gələndə, məgər onu alqışlmışam? Xeyr, əksinə təzyiq etmişəm. Çünki mənim komandam oynayır. Tovuza gedəcəyik. Bizim baş məşqçimizi orada alqışlayacaqlar? Əksinə təzyiq edəcəklər. Tutaq ki, onu alqışladıq. Sabah hansısa gənc azarkeş gəlib bizə deməyəcək ki, xeyir ola, sən rəqibi alqışlayırsan, öz futbolçularımız qalıb qıraqda. İkincisi, dünyanın hansı ölkəsində belə bir şey görüb, eşitmisiniz. Ayxanla münasibətlərimiz çox yaxşıdır, çörək kəsmişik. Amma bu, nə dərəcədə düzgündür?”

Mirzəyev Abbasovdan azarkeşlərə qarşı belə addım gözləmədiyini də bildirib:

"Belə şey gözləmirdim, açığı. Eşitdiyimə görə, Ayxan deyib ki, guya rəhbərlik "Sumqayıt”ın azarkeşlərini ona qarşı öyrədib. Belə şeylər danışmasınlar. Riyad Rəfiyev klub prezidentidir. Kamran Quliyev də vaxtilə "Sumqayıt”da prezident olub. Nə Riyad Rəfiyev, nə də Kamran Quliyev gəlib deməyib ki, bunu belə edin. Mən öz işimi bilən insanam. Fanklubda intizama nəzarət edirəm. Ona görə də belə açıqlamalar istər-istəməz adamın xətrinə dəyir. Oturub bütün gecə onun dediklərini analiz etmişəm. Düzdür, bəlkə də Ayxan "Sumqayıt”ın tarixində olmayanları etdi. Amma… Axı bunu sən tək etməmisən. Komandanı götürdün apardın. O şəraiti sənə yaradan var. Bunu da qiymətləndir. Əslində, Ayxanın alqışlanmasının əleyhinə deyiləm. Sadəcə, bu oyun bir az ağır idi. Alqışlasaq, bu, öz komandamı yerə soxmaq, rəqib məşqçiyə də "gəl 3 xalı cibinə qoy apar” anlamına gələrdi. Buna isə heç yol verməzdim. Yəqin gözləyirdi ki, stadiondakı 2000-3000 adam onu alqışlasın. Mən azarkeş ordusuna cavabdehəm. Bütün insanlara cavabdeh deyiləm. Kiməsə deyə bilmərəm ki, "durun, Ayxanı alqışlayın”. Bu yaxşı alınmır. İnanın özüm də pərt oldum ki, niyə belə alındı. Ayxan müəllim Sumqayıtda olanda onu başımızın üstündə gəzdirirdik. Evə getməyə qoymurduq. Onun dedikləri, açığı xoşuma gəlmədi”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info