“Dedilər ki, göbələk xəstəliyidir, amma yardım edilmədi”

“Bu il nar ağaclarının hamısında meyvə çürüdü. Bəzi ailələrin yeganə gəlir mənbəyi nar satışındandır. Elə bağlar var ki, ümumiyyətlə, məhsul vermədi”.

Ulutv.info bildirir ki, bunu Meydan TV-yə Hacıqabulun Udullu kənd sakinləri bildiriblər.

Kənd sakini Ramin Həsənov deyib ki, qonşu kəndlərdə, hətta respublikanın əksər bölgələrində də narın məhsuldarlığı yüksək olmayıb:

“Onsuz da bu il dərman, gübrə bahalaşıb, xərclər ən azı 2 dəfə artıb. Bir tərəfdən də məhsul az olduğundan ötən ilə nisbətən bu il nar bahalaşacaq”.

“Neçə adamla maraqlandıq, hamısı eyni problemdən şikayətləndi. Hər il bar verən nar ağacları bu il bar vermədi. Bəziləri deyir ki, meyvə yağışdan çürüyüb. Amma elə yerlər var ki, oranı yağış çox tutmayıb”, – kənd sakini bildirib.

Sakinlərin sözlərinə görə, onlara yağışlı havadan sonra hərarətin qalxması nəticəsində ağaclarda göbələk xəstəliyinin yarandığını deyiblər, amma heç bir yardım edilməyib.

Sakinlərdən biri deyib ki, bağa yaxşı qulluq edib, dərmanlanma aparıb, ancaq yenə də məhsul ağacda çürüyüb. Bu problem əsasən narın yetişdirmə dövründə baş verib.

Kəndlilərin sözlərinə görə, Udulluda suvarma problemi olduğundan taxıl, pambıq və ya digər məhsullar yetişdirə bilmirlər. Həmin ərazi üçün yeganə məhsul nardır, o da bu il problemli olub:

“Dəqiq səbəb deyən də yoxdur. Bəziləri deyir ki, qurd düşüb, bəzisi deyir ki, göbələk xəstəliyidir, yaxud iqlim dəyişikliyidir. Dolanışığımız günü-gündən çətinləşir. Onsuz da kənddə qalan ailələrin sayı çox deyil. Əksəriyyət Bakıya köçüb, daş karxanalarında günəmuzd fəhlə kimi çalışır. Udullunun problemləri həll olunmaqdansa, getdikcə daha da dərinləşir”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə hesab edir ki, problem hava şəraiti ilə bağlı göbələk xəstəliyinin yaranmasından baş verə bilər.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov isə mətbuata deyib ki, Azərbaycanın nar ixracının əsas bazarı hesab olunan Rusiyada milli valyutanın dəyərdən düşməsi nəticəsində problemlərin yaranacağı gözlənilir.

Qaraşovun sözlərinə görə, ötən il 31 milyon 564 min dollar dəyərində nar ixrac edilib.

Rusiya-Ukraniya müharibəsinə görə Azərbaycan Ukrayna bazarını tamamilə itirib.

Narın yetişdirilməsində istifadə edilən dərman, gübrə, aqrotexnik qulluq ləvazimatları bahalaşıb. Bu isə maya dəyərinin artmasına səbəb olub.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info