Sülh danışıqları birdəfəlik pozulur? - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ separatçılarına təbrik məktubu yollaması Bakı-İrəvan gündəliyi üzrə danışıqlardakı müvazinəti pozur.

Bu, təkcə danışıqların yox, bu zamana qədər əldə edilmiş razılıqların da ruhuna ziddir. Bununla belə, Paşinyanın mövqeyini Azərbaycan-Ermənistan danışıqlarının yekunlaşması kimi başa düşmək də düzgün olmaz.

Yəni Paşinyanın danışıqlar prosesinə, sülh və təhlükəsizliyə xələl gətirən açıqlamasına baxmayaraq, Azərbaycan-Ermənistan ali səviyyəli müzakirələrinin gündəlikdən çıxdığını deyə bilmərik.

Yada salmaqda fayda var ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində bir araya gəlmək barədə razılıq əldə etmişdilər.

Bu, Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan görüşlərdə əldə edilən razılıqdır, hərçənd ki, bu zamana qədər Rusiya Azərbaycan və Ermənistan liderlərinin müzakirəsini təşkil etməyə çalışır.

Deməli, Nikol Paşinyan sülh danışıqlarının xarakterinə kölgə salan mövqe sərgiləsə də, Azərbaycanla Ermənistan arasındakı təmasların kəsilməsi üçün şərait yoxdur.

O başqa bir məsələdir ki, danışıqlara qədər Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində toqquşmalar ola bilər.

Diqqəti çəkən bir nüans Ermənistanın Naxçıvan istiqamətində Azərbaycan mövqelərinə qarşı təxribatlarını artırmasıdır. Bunun son günlərdə intensivləşməsi Azərbaycan-Ermənistan danışıqlarının məzmununa Naxçıvan amilinin qatılmasını şərtləndirir.

Naxçıvan Azərbaycanın maksimalist məramlarının yerinə yetirilməsi üçün “qoca qapı”lardan biridir, ona görə də erməni təxribatlarının çoxalmasının fonunda Muxtar Respublikadakı Əlahiddə Ümumqoşun Ordunun, Dövlət Sərhəd Xidmətinin arsenalının genişləndirilməsinin nəticə əsaslı izləri barədə təsəvvürlər formalaşır.

Bəli, Azərbaycanın Naxçıvandan aça biləcəyi cığırlar Zəngəzur dəhlizinin məzmununda yer alan hədəflərdəndir, üstəgəl Muxtar Respublikanın təhlükəsizliyi üçün əlavə zəruri addımların atıla bilməsi gözləniləndir.

İkinci açıq qalan məsələ Qazaxın yeddi kəndinin və Naxçıvandakı Kərki kəndinin hələ də işğal altında qalmasıdır, deməli, Qarabağdakı vəziyyətlə yanaşı:
- Zəngəzur dəhlizinin açılması,

- Səkkiz kəndin taleyi,

- Naxçıvanda sərhədlərin təhlükəsizliyi məsələləri də danışıqların növbəti raundunun müzakirə predmetinə çevrilir.

Azərbaycan Ermənistanı Qarabağdakı mübahisəli məsələlərin tənzimlənməsi prosesindən kənarlaşdıra bilib, indiki mərhələ üçün isə Bakı İrəvana diktə edir ki, prosesi qarışdıracaq mövqelərə gedilməsin.

Ümumi mənzərədə Azərbaycan-Ermənistan gündəliyi geniş şəbəkədəki çağırışların həllinə istiqamətlər verir.

Bu istiqamətləri korlamaq xətti İrəvan tərəfindən müşahidə edilsə də, danışıqların ümumi məzmunu üzrə həlledici dəyişikliyin olacağını proqnozlaşdırmaq çətindir.

Regional situasiyaya uyğun yeni davranış modellərinin ortaya çıxması istisna deyil, təbii ki, hərarət arta və eskalasiya riski yarana bilər.

Ancaq əvvəl-axır danışıqlar masası qurulacaq və təmasların davamı gətiriləcək. Ola bilər ki, müzakirələrdə yeni mövzular da qoyulsun.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info