Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva: “Mehriban xanım mərhəmət, şəfqət mücəssiməsi və uşaqların ən yaxın himayədarıdır”

Bu gün xeyirxahlıq, nəciblik, mərhəmət və humanizm simvolu, ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nümunəvi Azərbaycan qadını, hər birimizin sevimlisi Mehriban xanım Əliyevanın doğum günüdür. “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”. Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı rolunu dəqiqliklə ifadə edir.A
Öz fəaliyyətilə xalqımızın qəlbində taxt quran Mehriban xanım Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindən biri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Millətin tərəqqisi və xalqın rifahı naminə çalışan Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyət, ictimai-siyasi xadimdir. Onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş sahələri əhatə edir. Mehriban xanımın müstəqil Azərbaycanın inkişafına xidmət edən çoxşaxəli fəaliyyətinin qayəsində Vətənə, xalqa sevgi, milli-mənəvi dəyərlərimizə hörmət dayanır. “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” fikirləri Birinci vitse-prezidentin ali mənəvi keyfiyyətlərini əks etdirir.
Mehriban xanım Əliyevanın üstün keyfiyyətləri onun rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətində özünü qabarıq göstərir. Heydər Əliyev Fondu Azərbaycanda və beynəlxalq miqyasda geniş spektrli xeyriyyə, mədəni, təhsil və sosial layihələrdə iştirak edir. Fondun dəstəyi ilə tarixi abidələrimiz bərpa olunur, mədəni irsin qorunması tədbirləri həyata keçirilir. “Mədəni diplomatiya”da əldə olunan uğurlar Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə xidmət edir. Mehriban xanım Əliyevanın “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” fikirləri cəmiyyətimizin hər bir üzvü üçün vacib mesajdır.
Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, gözəl həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. Birinci xanımın uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğısı xüsusi vurğulanmalıdır. Mehriban xanım mərhəmət, şəfqət mücəssiməsi və uşaqların ən yaxın himayədarıdır. Onun təşəbbüsü ilə uşaq evlərinin bərpası, yenilərinin inşası, fiziki imkanları məhdud olan uşaqların sağlamlığının qorunması, uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, tibbi xidmətlərlə təmin olunması üçün davamlı layihələr həyata keçirilir. Kimsəsiz uşaqlar ana qayğısını, nəvazişini Mehriban xanımdan görürlər. Aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə mütəmadi işlər görür.
Mehriban xanım Əliyevanın hər bir uğuru Azərbaycan qadınının nailiyyəti və yüksəlişidir. Onun Birinci vitse-prezident vəzifəsinə təyinatı ölkə tarixində mühüm hadisə olmaqla yanaşı, Azərbaycan qadınının tarixi uğuru, Azərbaycanda qadın hərəkatının yeni bir səhifəsi, qadınların dövlət idarəçiliyində iştirakçılığının ən ali nümunəsidir.
Mehriban xanım öz fəaliyyəti ilə Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsi zamanı Mehriban xanım Əliyeva Ali Baş Komandanımızın ən yaxın silahdaşı oldu. Xəstəxanalarda yaralı əsgərlərə baş çəkdi, onların müalicəsi, reabilitasiyası üçün təxirəsalınmaz tədbirlər gördü, həlak olan əsgərlərin ailələrinə başsağlığı verdi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində, onların ailələrinin qayğı ilə əhatə olunmasında yaxından iştirak etdi. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!”, - deyə qəhrəman şəhidlərimizə ehtiramını ifadə etdi.
Bu gün isə Mehriban xanım Prezident İlham Əliyevlə birgə davamlı olaraq azad olunmuş ərazilərimizə səfər edir, Qarabağ və Şərqi Zəngəzurun bərpası, “Böyük Qayıdış”ın gerçəkləşdirilməsi prosesində yaxından iştirak edir. 30 ildən sonra öz doğma yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlərin sevincini onlarla birgə yaşayır. Azad olunan ərazilərimizin kiçik sakinlərinin öz evlərinə qayıdışını, yeni tikilən məktəblərdə təhsil almasını qürurla izləyir. Mehriban xanım Əliyevanın sonsuz məhəbbətlə sevdiyi Azərbaycanımız naminə fəaliyyəti hər zaman xalqımız tərəfindən yüksək qiymətləndiriləcək.
Ad gününüz mübarək, əziz Mehriban xanım!

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info