TƏBİB sədrinin qızının toyunda gözdən qaçan detal – VİDEO

TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov bu günlərdə qızına toy edib. Toydan paylaşılan şəkillər, videolar medianın və sosial şəbəkələrin aparıcı mövzusuna çevrilib. Burada əsas diqqət toyun dəbdəbəli keçməsinə yönəlib. Saytlar diqqəti menyuya, bahalı hədiyyələrə, bəylə gəlinə alınan brend aksessuarlara çəkir. Bir də toyda iştirak edən müğənnilərin qonorarı müzakirə edilir. Xəbəri ilk yayan Manşet.az saytının iddiasına görə, Vüqar Qurbanov toya ən az 500 min manat xərc çəkib.

Globalinfo.az xatırladır ki, bəlli maaşı olan məmurun övladına belə bahalı toy etməsi suallar doğurmaya bilməz. Əslində, qanunvercilik imkan verir ki, buna görə araşdırılma aparılsın. Toya çəkilən xərcin mənbəyi təftiş edilsin. Ortaya çıxan faktlar – bahalı menyu, qiyməti kifayət qədər çox olan aksessuarlar, yüksək qonorara toya gələn müğənnilər və s. ciddi mətləblərdən xəbər verə bilər. Yəni toya çəkilən xərcin korrupsiya və digər qeyri-leqal yollarla əldə edilməsinə şübhələrin yaranması təbiidir. Bu, hüquq mühafizə orqanlarının diqqətini cəlb etməlidir.

Amma deyilə bilər ki, toyun xərcini ailə quran gənclər çəkib. Ya da tədbirin sponsoru oğlan evi olub. Əgər bəyin ailə üzvləri – valideynlər – yüksək vəzifəli məmur deyillərsə, prokurorluq müstəntiqlərinin suallarından bu yolla yayınmaq mümkündür.

Xatırlatma: Prezident İlham Əliyev dəfələrlə məmurlara tapşırıb, xəbərdarlıq edib ki, özləri və ailə üzvləri təvazökar olsunlar. Dəbdəbəli ad günləri, toy mərasimləri, digər tədbirlər etməkdən yayınsınlar.

Müşavirələrdə, ayrı-ayrı çıxışlarda, vəzifəyə yeni təyin olunan məmurları qəbul edərkən Prezident qəti və sərt tapşırıqlar verib ki, xalqa xidmət göstərsinlər, vətəndaşlarla normal davransınlar. Ən əsas da həyat tərzlərinə fikir versinlər. Harınlamasınlar. Dövlətin rəhbərinin tapşırıq və xəbərdarlıqlarına baxmayaraq əndazəni aşan, qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olan məmurlar olub. Belələri indi də var. Onların bir qismi qanunla cəzalandırılıb, bir neçəsi gəzifədən qovulub. Görünür, “gözü çıxan qardaşdan dərs almayanlar” hələ qalır.

Ölkə başçısı xarakter etibarı ilə təvazökar insandır. O, sadə həyat tərzi keçirməyə üstünlük verir. Nə 50 illik yubileyində, nə 60 illiyində, nə də digər doğum günlərində İlham Əliyev dəbdəbəli mərasim keçirməyib. 2011-ci ilin dekabrında – 50 yaşı tamam olan gün Ağcabədidə məcburi köçkünlərlə görüşüb. 60 illik yubileyini isə işğaldan azad edilmiş ərazilərdə qarşıladı.

Prezidentin oğlu Heydər Əliyevin toyu da olduqca təvazökar şəkildə keçirildi. Heç bir dəbdəbə olmadan gənclər ailə qurdular. Məmurlar gərək bu faktı nəzərə alsınlar.

Məmurların qanunla nəzərdə tutulan öhdəlikləri var. Onları xatırlatmaq istədik. Xüsusilə də məmurlar elə toy etməlidirlər ki, sonradan xalq və qanun onlara toy tutmasın…

Hər şeyə rəğmən Vüqar Qurbanova övladının ailə qurması münasibəti ilə göz aydınlığı veririk. Gənclərə xoşbəxtlik arzulayırıq.

Ətraflı videoda:



Ulutv.org
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info