BİZNESMEN İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Avropadakı şirkətlərinin SİYAHISI + FOTOLAR

Prezident İlham Əliyev Z.İ.Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika.info" xəbər verir ki, sərəncama əsasən, Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, icra başçısı Ziyəddin Əliyev böyük biznes şəbəkəsi ilə tanınıb. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat vermişdi. Həmin araşdırma yazının təqdim edirik:

"İcra başçısı Ziyəddin Əliyevin "Fayton" restoranından səfərə çıxsaq, Avropanın ən azı üç ölkəsini gəzib dolaşmalıyıq. Əlbəttə ki, yanında xərclik üçün 200 maaş kartını da unutmamalısan. Axı Avropa bahalı coğrafyadır. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.

Şirkətlərin elə 7-si Ukraynadadır. Ən məşhuru Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində benefisiarı olduğu və 7 milyon avroya başa gələn "ALOV" asfalt zavodudur. İcra başçısının Ukraynaya "Alov"lu məhəbbəti o qədər yüksəkdir ki, biznesinin ağırlığını bu ölkəyə yönəldib. İcra başçısının indiyədək sahib olduğu şirkətlərdən 10-u bəlli idi, sənədlə-sübutla, təkzibedilməz dəlillərlə hər biri haqqında yazılıb.

Amma indi məlum olur ki, Ziyəddin Əliyevin Avropada restoran biznesi də varmış.

İcra başçısının oğlu Nicat Əlibəyli 2 il öncə Kenan Koç adlı şəxslə Avstriyanın paytaxtı Vyanada KENA GASTRO GmbH-ni təsis edib.

Qastronomiya sahəsində xidmət lisenziyası alan şirkət 2019-cu il fevralın 22-də Vyana, Johannesgasse 14/1 ünvanında hüquqi qeydiyyata alınıb. İcra başçısının oğlu ilə 75/25 nisbətində ortaqlığa başlayan Kenan Koç qısa müddət ərzində Vyanada daha bir necə şirkət təsis edərək restoranlar şəbəkəsi qurur. Kenan Koç qısa müddət ərzində Vyanada 3 fərqli ünvanda brendə çevrilən Kenny's restoranlarının, "Space Burger", "Pandemic Kitchen"in və "Empire" gecə klubunun meneceri kimi məşhurlaşır. Nicat Əlibəyli isə özünü Kenan Koçla ortaqlığın kölgəsində gizlətməyə çalışır.

Xatırlatmaqla fayda var. İcra başçısına və onun soyadına "bəyli" əlavə edib özlərini Avropada "sanballı işadamları" kimi təqdim edən övladlarının sahib olduğu şirkətlər:

1. ALOV ASFALT ZAVODU (Ukrayna)

2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ (Ukrayna)

3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Avstriya)

7. SMANBUD TOV (Ukrayna)

8. “Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkəti (Ukrayna)

9. AZ SERVIS – NR s.r.o. (Çexiya)

10. "METAS-R" MMC (Azərbaycan)

11. KENA GASTRO GmbH (Avstriya).


Ziyəddin Əliyevin rəhbərlik etdiyi rayonda sahib olduğu obyektlərin və əmlakının bir qismi:

Quba rayonu Vladimrovka kəndində "Fayton" restoranı, istirahət kompleksi 1.5 ha ərazidə;

Quba şəhəri, Qəçyəş yolu yaşayış massivində 2 ədəd villa;

Quba - Qonaqkənd yolu, Təngəaltıda dağ yamacının yarıldığı təhlükəli ərazidə otel və restoran kompleksi;

Quba rayon Nügədi kənd ərazi dairəsində çınqıl karxanası, asfalt zavodu və beton zavodu;

Qubanın İqrıq kəndi ərazisində, Quba - Bakı yolu üzərində yanacaqdoldurma məntəqəsi;

Quba şəhərinin 28 May parkında restoran əyləncə kompleksi, açıq mini futpol meydançası və gözəllik salonu (icarəyə verilib);

Quba şəhərinin girişində Asan Xidmətlə üz-üzə iki çoxmərtəbəli binanın birinci mərtəbəsində obyektlər;

Quba şəhəri, Ə.Nərimanov küçəsində yarımçıq tikili çoxmərtəbəli bina (300000 manata alıb).!











Ulutv.org
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info