Şəhid ailəsi Mingəçevirin icra başçısından narazılıq edir - İcra Hakimiyyəti cavab verdi (YENİLƏNDİ)

Şəhid ailələrinə qayğı və diqqət göstərilməsi hər bir vətəndaşımızın ən ümdə borcudur. Hətta ölkə başçısı Cənab İlham Əliyevin dəfələrlə dövlət məmurlarına xitabən bu mövzuya həssaslıqla yanaşılması üçün öz çıxışları zamanı etdiyi çağırışlar da dövlət böyüklərimizin məsələyə necə diqqətlə yanaşdıqlarının, daim diqqət mərkəzində saxladıqlarının əyani sübutudur.

Bu gün sizlərə birinci Qarabağ müharibəsi iştirakçısı olmuş bir valideynin övladı olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Vətən Müharibəsində Şəhid olmuş Məmmədov Vasif Rəfail oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ailəsi dəfələrlə yaşadıqları Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir və xatirə bulağının tikintisi üçün yer ayrılmasına dair istəkləri yerinə yetirilmədən biganəliyin qurbanına çevrilmişdir.

Hətta ən acınacaqlısı odur ki, şəhid ailəsi xatirə bulağının tikintisi üçün maliyyə xərcini özləri qarşılayacaqları təkliflərinə rəğmən, sadəcə 2 metrlik yer ayırmağı adıçəkilən icra hakimiyyəti böyük süründürməçiliyə salmaqla həyata keçirmir.

Görəsən, həqiqətənmi bu dövlət üçün canını fəda etmiş bir şəhidin adının əbədiləşdirilməsi barədə müraciət, həmin şəhər icra hakimiyyəti başçısı üçün bu qədər əhəmiyyətsizdir, yoxsa bizim də bilmədiyimiz başqa əsaslı səbəblər mövcuddur?

Qarşı tərəfi də dinləməyə hazırıq…

Türkel Turançı

Məqalə dərc edilib ictimailəşdirildikdən sonra məsələ ilə bağlı qarşı tərəf yazılı olaraq ittihamlara cavab haqqından istifadə edib. Beləki Mingəçevir İcra Hakimiyyətinin mövqeyini olduğu kimi dərc edirik:

ULUtv.infonun rəhbərliyinə “Şəhid ailəsi Mingəçevirin icra başçısından narazılıq edir” başlıqlı məqalə ilə əlaqədar bildiririk ki, şəhid Məmmədov Vasif Rəfail oğlu Ağdam rayonundan məcburi köçkün olmuş, 6 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində şəhid olmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunmuş, şəhər İcra Hakimiyyətinin vəsaiti ilə Şəhidin məzarı üzlənmiş və ətrafı abadlaşdırılmışdır. Bütün şəhid ailələri və qazilər kimi Şəhidin ailəsi də şəhər İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılaraq, dövlət və dini bayramlarda bayram sovqatı verilir, tədbirlərə dəvət olunur. Vətən müharibəsindən sonra bir çox şəhid ailələri övladlarının adının əbədiləşdirilməsi üçün şəhər İcra Hakimiyyətinə müraciət etmiş, öz təşəbbüsləri ilə yaşadıqları ünvanda şəhid bulağının tikilməsini və xatirə lövhəsinin qoyulmasını xahiş etmişlər. Müraciətlərə uyğun olaraq şəhər İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşları yerlərdə baxış keçirmiş, tikililəcək şəhid bulağının və qoyulacaq xatirə lövhəsinin yerini müəyyən etmişlər. Bu günə kimi 31 şəhid bulağının tikilməsinə, 28 xatirə lövhəsinin qoyulmasına şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Vətən müharibəsi şəhidi Vasif Məmmədovun ailə üzvləri də eyni qaydada ötən ilin əvvəlləri şəhid bulağının tikilməsi üçün şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciətə əsasən əraziyə baxış keçirilmiş, lakin şəhid ailəsinin bulağın tikilməsi üçün istədiyi yer onun yaşadığı yerdən uzaq olduğunu və gələcəkdə şəhid bulağına ailə tərəfindən nəzarətin təmin edilməsinin qeyri mümkünlüyü üçün yaşadıqları yerə yaxın ərazidən yer təklif edilmişdir. Lakin şəhid ailəsi bununla razılaşmamış və bulağı tikdirməmişdir.
Bir neçə gün bundan əvvəl şəhidin atası Rəfail Məmmədov “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuş oğluna küçə adı verilməsi ilə bağlı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, müraciətə şəhər İcra Hakimiyyəti başçısı yanında “Küçə və meydanlara ad verilməsi və onların adlarının dəyişdirilməsi üzrə komissiyası”nda baxılacağı bildirilmişdir. Söhbət əsnasında onların yaşadıqları küçənin şəhid Vasif Məmmədovun adına verildikdən sonra həmin küçənin başlanğıcında şəhid bulağının tikilməsi şəhidin atası Rəfail Məmmədovla razılaşdırılmışdır.
Əlavə olaraq xatırladırıq ki, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin II bəndinə əsasən, vətəndaş və ya təşkilat barəsində kütləvi informasiya vasitəsində onların hüquqlarına və qanuni mənafelərinə toxunan məlumat dərc edildikdə və ya verildikdə, onların elə həmin kütləvi informasiya vasitəsində cavab dərc etdirməyə və ya cavab verməyə haqqı vardır. Həmin Qanunun 32-ci maddəsində qeyd olunur ki, redaksiya verilmiş cavabları, mənasını təhrif etmədən, lazımi redaktə və ixtisarla dərc və ya elan etməyə borcludur.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info