Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Belə ki, 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Öən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Qeyd edək ki, 2019-cu il dekabrın 2-də Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında fərmanına və “Mediasiya haqqında” qanuna uyğun olaraq Mediasiya Şurası təsis edilib. Şuranın yaradılmasında məqsədlərdən biri də boşanmaya gedən cütlüyün mübahisələrinin qarşısını almaq, məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsindən ibarətdir. Həmçinin hər iki şəxsin ortaq istəyinə və tələbinə uyğun addım atmaqla onları barışdırmaqdır.

Maraqlıdır, Mediasiya Şurası ay ərzində boşanmaya gedən nə qədər cütlüyü barışdıra bilir?

Bununla bağlı Mediasiya Şurasına sorğu ilə müraciət etsək də qurum rəhbərinin sözlərinə görə, bununla bağlı hesabatları bütün KİV-lərə eyni vaxtda açıqlaya bilirlər.

Maraqlıdır, fəaliyyəti 5 ilə yaxın davam edən Mediasiya Şurası və bu yönümlü təşkilatlar boşanmaların qismən də olsa qarşısını ala bilirmi?

Millət vəkili Zahid Oruc Bizim.Media-ya bildirib ki, Mediasiya Şurası son dövrlərdə yaranmasına baxmayaraq, bir sıra sahələrdə mühüm işlər həyata keçirib:

“Vətəndaşların boşanma mərhələsində Mediasiya Şurasına müraciəti önəmlidir ki, onlarla danışıqlar aparıla bilsin. Belə olan halda, ciddi anlaşmazlıqlar da öz həllini tapmış olar. Ailə institutunun qorunması mühüm təhlükəsizlik məsələsidir. Çünki ailə kiçik dövlət, dövlət böyük ailədir. Ölkə Prezidentinin də çıxışlarında dəfələrlə bu mövzuya geniş yer verildiyinin şahidi oluruq. Biz bilməliyik ki, dövlət siyasətinin əsasında ailələri qorumaq dayanır”.

Z.Orucun sözlərinə görə, belə olan təqdirdə, hər ilin statistikasında ailə quranların 35-40%-nin boşanmaya məruz qalması təhdidedici bir haldır:

“Bu istiqamətdə təhlillərrin aparrılmasına çox ciddi ehtiyac var. Mənim mənsub olduğum Sosial Tədqiqatlar Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bu yöndə təşkilati işlər həyata keçirir ki, belə tədbir keçirilsin. Mediasiya Şurası da həmin tədbirdə iştirakçı olacaq. Çünki onlarrın malik olduğu çox böyük məlumat bazası var. Yəni baxışları birr araya gətirərək vahid dövlət sənədinin hazırlanmasına çalışacağıq”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info